Aliyə Qarayeva 4-cü oldu
Yunanıstanın Kalamat şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi başa çatıb. Siasport.az saytı xəbər verir ki, Azərbaycanı həmin yarışlarda Aliyə Qarayeva, Zeynəb Cavadlı və ölkəmizin qrup komandası təmsil edib. Yığma komandamızın lideri Aliyə Qarayeva Dünya Kubokunun bütün final yarışlarında iştirak edib, halqa ilə hərəkətlərdə yaxşı nəticə göstərib, 27,6 balla dördüncü yeri tutub. Aliyə bürünc medal qazanmış rusiyalı Darya Kondakovadan cəmi onda bir bal geri qalıb.

Aliyə Qarayeva çoxvövçülük üzrə yarışların nəticələrinə görə rusiyalı gimnastlar Darya Dmitriyeva və Kondakovadan, habelə Belarus idmançısı Lyubov Çarkaşinadan sonra dördüncü yerlə kifayətlənib.

Azərbaycan gimnastı gürzlə, lentlə və topla mübarizədə səkkizinci olub. Final yarışlarında Kondakova (topla və lentlə hərəkətlərdə), Çarkaşina (halqa ilə), Bolqarıstan idmançısı Silviya Miteva (gürzlə) qalib gəliblər.

Azərbaycanın digər gimnastı Zeynəb Cavadlı çoxnövçülük üzrə yarışlarda 36 iştirakçı arasında 14-cü nəticəni göstərib.

Azərbaycanın Ceyla Quliyeva, Səbinə Abbasova, Anastasiya Prasolova, Aelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jitkovadan ibarət qrup komandası ikinövçülük üzrə yarışlarda 5 topla hərəkətlərdə finala çıxıb və dördüncü yeri tutub. İsrail komandası birinci, Bolqarıstan komandası ikinci, Fransa gimnastları ilə üçüncü olublar.

Azərbaycan gimnastlarını qarşıda dünya kubokunun aprelin 21-24-də Nijni Novqorodda keçiriləcək növbəti mərhələsi və həftənin axırında ölkəmizin 3 idmançısının - Gülsüm Şəfizadə, Ləman Dadaşlının, və Ləman Hacızadənin iştirak edəcəyi qızlar arasında Minskdə təşkil olunacaq beynəlxalq turnir gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com