42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalına jurnalistlər üçün media-tur təşkil olunub. SİA-nın məlumatına görə, tur zamanı jurnalistlərə olimpiadada yaradılacaq şərait barədə məlumat verilib. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Şəfizadə bildirib ki, artıq hazırlıq işləri başa çatmaq üzrədir. Onun sözlərinə görə, olimpiadaya bütün dünyadan jurnalistlər qeydiyyatdan keçiblər: "Qeydiyyatdan keçən 248 jurnalistdən 150-si yerli media nümayəndəsidir. Bütün jurnalistlərin rahat və operativ şəkildə çalışması üçün əməliyyat komitəsi tərəfindən yüksək şərait yaradılacaq. Media nümayəndələri üçün öncədən 3 dildə (Azərbaycan, İngilis və rus dilləri - red) məlumat kitabçası hazırlanıb. Jurnalistlərin yarış məkanına rahat daxil olmaları üçün ayrıca giriş qapıları xidmət göstərəcək. Mətbuat konfransları "online" yayımlanacaq. Mətbuat Mərkəzində gün ərzində ən az 4-5 mətbuat konfransı keçiriləcək. Bütün partiyalar 3 dildə canlı şəkildə şərh olunacaq. Jurnalistlər yarış günlərində saat 10:00-dan 23:00-dək fasiləsiz internet və yeməklə təmin olunacaqlar. Media nümayəndələrinə yarışdan öncə açılış mərasimində iştirak etmək üçün dəvətnamələr paylanacaq. Yarış zalında çəkilişə tur başlayandan sonra 15 dəqiqə müddətində icazə veriləcək . Çəkiliş edərkən video və foto kameralarda köməkçi işıqdan istifadə etmək olmaz".
S. Şəfizadə əlavə edib ki, Bakı Şahmat Olimpiadasının rəsmi internet saytı 3 dildə "online" şəkildə fəaliyyət göstərəcək. Vurğulayıb ki, yarış zamanı Bakı Kristal Zalında, həm də şahmat sərgi salonu tamaşaçıların ixtiyarına veriləcək: "İzləyicilər burada qədim şahmat lövhələri və maraqlı fotolarla tanış olacaqlar. Bakı Kristal Zalın ətrafında, həmçinin Azərbaycanın bölgələrini təmsil edən otaqlar fəaliyyət göstərəcək ki, burada qonaqlara hər regionun özünə aid şirniyyatlar və çay təqdim olunacaq".
Daha sonra jurnalistlər media mərkəzinə, yarış, sərgi zalına və digər məkanlara baxış keçiriblər. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinin rəhbəri jurnalistlərin suallarını cavablandırıb. Sonda qeydiyyatdan keçmiş media nümayəndələrinə akkreditə kartları təqdim olunub.
Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək. Sentyabrın 2-də isə Bakı Kristal Zalında ilk tura start veriləcək. 180-dən çox ölkənin qatılacağı olimpiadanı 5 milyona yaxın insanın izləyəcəyi proqnozlaşdırılır. Mötəbər tədbirdə 200-dən artıq hakim fəaliyyət göstərəcək ki, onlardan 26-sı Azərbaycanı təmsil edəcək. Bakı Şahmat Olimpiadasının baş hakimi Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov olacaq.
Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi avqustun 13-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB