\"Neftçi\" və \"Xəzər Lənkəran\" arasında 8 xallıq fərq yarandı

\"Neftçi\" və \"Xəzər Lənkəran\" arasında 8 xallıq fərq yarandı

Azərbaycan Premyer Liqasında XXVII tura yekun vuruldu. Siasport.az saytı xəbər verir ki, turun son günündə üç qarşılaşma baş tutdu.

Əvvəlcə ikinci \"altılıq\" komandaları meydana çıxdı. Autsayder MOİK \"Gəncə\"ni qəbul etdi və 0:2 hesabı ilə məğlub oldu. Hesabı 4-cü dəqiqədə Armand Feutçine açdı. 18-ci dəqiqədə isə Sabir Allahquliyev nəticəni müəyyənləşdirdi.

11-ci pillənin sahibi \"Simurq\" ikinci \"altılığ\"ın lideri \"Qəbələ\"nin qonağı oldu. Oyun meydan sahiblərinin darmadağını ilə yekunlaşdı - 3:0. İlk qol 34-cü dəqiqədə Milan Antiçdən gəldi. 55-ci dəqiqədə Lyuba Baranin fərqləndi. Son nöqtəni isə 88-ci dəqiqədə Kristian Torres qoydu.

Günün və turun son qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi və \"Neftçi\" AZAL-ı qəbul etdi. Bu oyun çempionluq və avrokuboklara vəsiqə baxımından önəmli idi. Belə ki, ötən gün \"Xəzər Lənkəran\" və \"Qarabağ\" xal itirdiyindən \"Neftçi\" qələbə qazanmaqla ən yaxın izləyicisi ilə xal fərqini 8-ə yüksəldərək, çempionluğun taleyini böyük ölçüdə həll edəcəkdi.

Gözlənilən baş verdi və \"Neftçi\" meydanı üç xalla tərk etdi. Oyun meydan sahibləri üçün pis başladı və 6-cı dəqiqədə Zohair Benouahi hesabı açdı. Lakin ikinci hissəyə yaxşı başlayan \"Neftçi\" iki dəqiqəyə oyunun taleyini həll etdi. Belə ki, 49-cu dəqiqədə Rəşad Abdullayev, 51-ci dəqiqədə Emil Mpenza rəqib qapısına yol tapıb, \"Neftçi\"yə qələbə qazandırdı. Matçın son dəqiqələrində AZAL-ın yüzfaizlik qol imkanı olsa da, nəticə dəyişmədi və \"Neftçi\" üç xalı aktivinə yazdı.

Bununla da \"Neftçi\" və \"Xəzər Lənkəran\" arasında 8 xallıq fərq yarandı. Bu isə \"Neftçi\"nin çempionluğu böyük halda həll etməsi deməkdir. Hər halda, qarşıdakı 5 turda komandanın 3 dəfə məğlub olması o qədər də gözlənilən deyil.

Qeyd edək ki, turun ilk günündə üç oyun keçirilib. \"Muğan\" \"Turan\"a qalib gəlib (2:1), \"Bakı\" \"Qarabağ\"la (0:0), \"Xəzər Lənkəran\" \"İnter\"lə (1:1) heç-heçə edib.


17 aprel


MOİK - \"Gəncə\" - 0:2

Qollar: Armand Feutçine, 3, Sabir Allahquliyev, 18

\"Bakı\" klubunun təlim-məşq bazasının stadionu



\"Qəbələ\" - \"Simurq\" - 3:0

Qollar: Milan Antiç, 34, Lyuba Baranin, 55, Kristian Torres, 89

Qəbələ şəhər stadionu



\"Neftçi\" - AZAL - 2:1

Qollar: Rəşad Abdullayev, 49, Emil Mpenza, 50 - Zohair Benuahi, 6

Tofiq Bəhramov adına Respublika stadionu


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com