Sumqayıt hokkeyçiləri U-16-ya məğlub oldular

Sumqayıt hokkeyçiləri U-16-ya məğlub oldular
Otüstü hokkey üzrə Azərbaycan çempionatının I dəstəsində çıxış edən kişilərdən ibarət komandaların iştirakı ilə 1 oyun keçirilib. Siapsort.az saytı xəbər verir ki , I turdan təxirə salınan görüşdə Sumqayıtın "Təhsil" və paytaxtın "Atasport" (U-16) komandaları qarşılaşıblar. Matçın ilk dəqiqələrindən təşəbbüsü ələ alan sumqayıtlı hokkeyçilər qısa müddətə rəqib qapısından 2 cavabsız top keçirməyi bacarıblar. Lakin birinci hissənin başa çatmasına 5 dəqiqə qalmış 16 yaşlılar 1 qol vuraraq hesab arasındakı fərqi minimuma endiriblər. Fasilədən sonra yeniyetmələrdən ibarət seçmə komandanın üzvləri hesabı bərabərləşdirməyə müvəffəq olublar. Belə düşünmək olardı ki, oyun elə 2:2 hesabı ilə heç-heçə bitəcək. Ancaq U-16-nın üzvləri görüşün sonuncu dəqiqəsində qələbə topunu vura biliblər. Beləliklə, Sumqayıt hokkeyçiləri uğurlu start oyununun sonunda 2:3 hesablı məğlubiyyətlə barışmalı olublar.

Ölkə çempionatının növbəti görüşləri həftənin şənbə və bazar günləri keçiriləcək. Bu ilin iyul ayında İtaliyanın Kataniya şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşan kişilərdən ibarət milli komandamızın aprelin 18-dən Ukraynanın Vinnitsa şəhərində təlim-məşq toplanışı və yerli hokkeyçilərlə yoxlama oyunlarında iştirak etməsi ilə əlaqədar ölkə çempionatının yüksək dəstəsində (kişilər) iki həftəlik fasilə yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə