Azərbaycan millisinin üzvü Mahir Şükürovun rəsmi şəkildə "Qəbələ" klubuna keçidi elan olunub. Siaport.az saytı xəbər verir ki, bununla əlaqədar olaraq mətbuat konfransı keçirilib. Konfransda komandanın baş məşqçisi Toni Adams, klubun yeni transferi Mahir Şükürov və baş menecer Zaur Əzizov iştirak edib.
Z.Əzizov qeyd edib ki, baş məşqçi Mahirlə çoxdan maraqlanıb. Onun sözlərinə görə, həmin vaxt futbolçunun "Anji" klubu ilə müqaviləsi olduğu üçün heyətə cəlb etmək mümkün olmayıb.
T.Adams isə Mahirlə müqavilə bağlanılmasından şad olduğunu bildirib: ""Qəbələ"yə gələrkən demişdim ki, bu mövsüm Premyer Liqadan hələ heç bir hədəfim yoxdur. Hazırda çempionatda neçənci yerdə olmağımızın fərqi yoxdur. İndiyə qədər komandanın futbolçularını tanımalı idim. Artıq deyə bilərəm ki, bütün futbolçuları tanıyıram. Kimin gedib, kimin qalacağını bilirəm. İndi iddialı açıqlama verirəm ki, "Qəbələ" növbəti mövsüm "Neftçi", "Xəzər Lənkəran", Qarabağ" kimi komandaları məğlub etməlidir. Mahir Şükürov da bunun həyata keçirilməsi üçün bizə kömək edəcək. Ümid edirəm ki, Avropa kuboklarına vəsiqə üçün mübarizəyə başlaya bilərik. Mahir Şükürov təcrübəlidir və ölkənin ən yaxşı futbolçulardandır. Mahirin Azərbaycan millisinin heyətində həm müdafiə, həm də yarımmüdafiənin sağ cinahında mübarizəsini izləmişəm. Amma mən onu müdafiənin sağında görürəm. Ona əlavə tapşırıqlar da verəcəm".
Baş məşqçi yeni transferlərin olacağını da qeyd edib. O Mahirin hələ birinci transfer olduğunu vurğulayıb. T.Adams klubun növbəti mövsüm üçün kifayət qədər büdcəsinin olacağını da jurnalistlərin diqqətinə çatdırıb. O, büdcənin Azərbaycan Premyer Liqasında çıxış edən 4-5 ən yaşı klubun büdcəsi qədər olacağını bildirib. T.Adams bu büdcə ilə məqsədlərini həyata keçirməyin mümkün olduğunu deyib.
Mahir Şükürov isə "Qəbələyə keçidinə sevindiyini bildirib: ""Qəbələ" klubunda futbol üçün hər cür şərait yaradılıb. Baş məşqçi mənimlə Belçika - Azərbaycan oyunundan sonra maraqlanıb. Oradan qayıtdıqdan sonra isə danışıqlara başladıq. "Neftçi"də mənə yaradılan şəraitə görə onlara təşəkkür edirəm".
O, növbəti mövsüm "Qəbələ"nin iddialı komanda olacağını, yüksək yerlər uğrunda mübarizə aparacağını vurğulayıb: "Qəbələ"yə keçidim geriyə addım deyil. Əksinə, bir addım irəlidir. "Qəbələ" qarşısına böyük hədəflər qoyub, inkişaf etməkdədir. Mən də bu inkişafda öz köməyimi etmək istəyirəm".
Tədbirin sonunda isə T.Adams M.Şükürova "Qəbələ" klubunun formasını təqdim edib. M.Şükürov isə bu komandada da 4 nömrəli formanı geyinmək istədiyini qeyd edib.
Elgün Vidadioğlu
Fotolar: Taptıq Abdullayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB