(Portret cizgiləri)
Ömrün 60-cı dayanacağı FOTOLAR

Ön söz

Əzizim Əlizadə! Artıq ömrünün 60-cı dayanacağında, 60-cı yaşındasan. Bu yaş zirvəsindən, bu dayanacaq ucalığından ömrün əlçatmaz-geriyədönməz günlərinə həsrət-həsrət boylanırsan. Ömründən yel kimi əsən, sel kimi tələsən gün və həftələri, ay və illəri soraqlayırsan. Arabir də ağarmış-çallaşmış saçlarını bir zamanlar boks əlcəkləri geyinən poladlaşan-dəmirləşən qartal caynaqlarına bənzər barmaqlarınla daraqlayırsan.

El-obanın "əlcəkli bahadır"ı, Əlizadə! 60-cı dayanacaqda səninlə yan-yanaşı daynamışam. Qürur-iftixar duyuram. Qəlbim sevinclə dolur-boşalır. Göz bulaqlarım fəxarətdən alışır-yanır. Qollarıma qüvvət, dizlərimə taqət, ayaqlarıma təpər gəlir. Çünki səndə Babək cəsarəti, Koroğlu dəyanəti, Qaraca Çoban sədaqəti görürəm. Çünki sən bütün varlığınla, görsənişinlə, 72 damarınla bu yurda, bu torpağa bağlısan. Bağlısan bu yurdun havasına-suyuna, duzuna-çörəyinə, gülünə-çiçəyinə. Bağlısan bu yurdun doğdoğma dilinə, saitinə, samitinə, ahənginə, ritminə. Bağlısan çoxəsrlik ədəbiyyatına, şeirinə-sənətinə. Heyransan bu yurdun sazına-avazına. Heyransan muğamatına-havacatına. Çox sevirsən bəstə-nigarı, bayatı-qacarı… Bütün bu zənginlikləri, bütün bu mənəvi sərvətləri öz qanında-canında yaşadan bir kişi ilə yan-yanaşı dayanmaq fəxr-fəxarət, qürur-iftixar doğurmurmu?! Elə yurda bağlılıq, vurğunluq, heyranlıq-pərəstiş səni idmanın - boksun əzablı-keşməkeşli yoluna çıxarmayıbmı?!

"Keçmişə güllə atsan, gələcək səni topa tutar". Bu böyük kəlam, bu hikmət dolu deyim sanki mənə belə pıçıldayır: Əlizadənin - bu əlcəkli qəhrəmanın, bu boks dəlisinin, bu boks məcnunun keçmişinə qayıt, keçmişini vərəqlə.

Pıçıltıya qulaq kəsilir və qayıdıram ömrünün ötən dayanacaqlarına. Qayıdıram heç zaman təkrarlanmaz o xoşbəxt, o bəxtəvər anlarına - sevinc-şadlıq, qələbə-zəfər müjdəli o barlı-bəhrəli çağlarına. Və oçaqlardan hamıya örnək-gərək, hamıya dayaq-söykək ola biləcək səhifələrdən bəzi fraqment və ştrixləri canlandırıram:

10-cu dayanacaq

(1955-ci il)

18 mart 1955-də Lerikin Züvüc kəndində dünyaya göz açdın. Atan İmran müəllim, anan Göyçək xanım (Allah onlara rəhmət eləsin, qəbirləri nurla dolsun) o gün yerə-göyə sığmadılar. Əzizlədilər, oxşadılar, əldən-ələ ötürdülər, gözlərinin üstə qoydular səni. Qığıltıların, pıçıltıların eşidildikcə, ayaqların yer tutduqca, üzlərinə oğul nəfəsi dəydikcə ürəkləri dağa dönürdü onların. Hələ dağdan odun gətirməyindən, bulaqdan su daşımağından, yer şumlamağından xüsusi ləzzət alırdılar valideynlərin! Sevindirirdi onları işgüzarlığın, zəhmətsevərliyin, həmyaşıdlarınla səmimi-mehriban davranış və münasibətlərin. Bu, hər ikisinin qəlbində sənin gələcəyinə ümid-inamı gücləndirir və onlar xəyalən sənin gələcəyini xeyir-dualayırdılar. O qayğısız illərdə (1955-1965) sən necə də xoşbəxt idin?! Atan yanında, anan başının üstündə və onların hər ikisi dünyanın ən güclüsü, ən azmanı idi sənin üçün. Üzərində hiss edirdin ata nəzarətini, ana məhəbbətini. İsinirdin, boy atırdın təməli sevgi-məhəbbət, səmimiyyət və mehribanlıqla qoyulan halallıqsevər bir ocaqda. Fəqət, bu xoşbəxt günlərin ömrü çox uzun çəkmədi: 1960-da aprelin 2-də atan dünyasını dəyişdi. Atasızlıq çökdü üstünə. Ehtiyac haqladı səni. Lakin sıxıntı və mərhumiyyətlərdən sarsılmadı anan Göyçək. Yapışdı gücü çatan işdən. Rahatlıq bilmədi. İşlədi gecə də, gündüz də. Bir saçını ağ, bir saçını qara hördü. Atasızlıq dərdini yaşatmadı sizlərə-Əlimuxtara, sənə, Nisəxanıma, Ruhanəyə, Cəmiləyə. Göndərmədi sizləri bir qarınlıq çörək üçün qonum-qonşuya. Möhtac qoymadı sizləri nə dayılara, nə əmilərə. Çox sevindi anan 1962-ci ilin sentyabrında. Hədd-hüdudu yox idi sevincinin. Necə də sevinməyəydi? Axı, səni Liman 1 nömrəli orta məktəbinin 1-ci sinfinə göndərirdi. Anan Göyçək vəzifəsini səni yalnız məktəbə göndərməklə bitmiş hesab etmirdi. Tez-tez məktəbə gəlir, müəlliminlə əlaqə saxlayır, valideyn iclasında iştirak edirdi. Haqqında xoş sözlər eşidəndə qanadlanıb uçurdu (Əlizadənin anası Göyçək bu sətirlərin müəllifinin doğmaca əmisi qızıdır. Göyçək Musanın qızı, mən Cəfərin oğluyam. Musa və Cəfər Xanbabanın oğlanlarıdır. Deməli, Göyçək və mən Xanbabanın nəvələri, molla Abbasın nəticələriyik - müəl.).

20 dayanacaq

(1975-ci il)

1970-də sən Astara şəhər internat məktəbini bitirdin. 1970-1973-də Bakının Razin (indiki Bakıxanov) qəsəbəsindəki 7 nömrəli texniki-peşə məktəbində oxumusan. Burada idmanın digər növləri ilə yanaşı, boks bölməsi də fəaliyyət göstərirdi. Sən boks bölməsinə yazıldın. Boks məşqçiləri sənin boksa ürəkdən bağlılığını bildilər və boksun sirlərini sənə daha dərindən öyrətməyə başladılar. Elə dərindən öyrətdilər də! Bu işdə məşqçilərindən Həsən Qarayev, Aydın Məmmədov, Süleyman Süleymanov və Şamil Əlizamanov bilik, bacarıq, təcrübə və səylərini səndən əsirgəmədilər. Sən məhz o illərdə gözəl idman formasına girir, öz istedad və peşəkarlığını, bilik və təcrübəni artırırdın. 1971-1973-də Azərbaycan üzrə keçirilən boks yarışlarında müəllimlərinin ümidləri doğrultdun, açıq rinq döyüşlərində rəqiblərinə üstün gələrək rinqi qələbə ilə tərk etdin. Bu sənin ilk qələbə sevincin idi. Bu sənin gələcək həyat yollarına işıq saçan, səni yeni-yeni döyüşlərə səsləyən ilk uğurlu addımın idi. Bu ilk uğurlu addım taleyinə zəhmət, qələbə ətirli neçə-neçə səhifələr yazdı. Bu ilk uğurlu addımından sonra sən EƏQİC mərkəzi şuranın mükafatlarına, diplomlarına, fəxri fərmanlarına layiq görüldün və öz yaşıdların arasında boks üzrə Azərbaycan çempionu oldun. Qazandığın bu uğurlar səni sevindirir, fərəhləndirir, yeni-yeni zirvələrin fəthinə çağırırdı.

20-ci dayanacaqda ən sevincli-qürurlu anlarından biri sənin böyük şəxsiyyət Heydər Əliyevlə görüşündür. Bu görüş Bakıxanov qəsəbəsindəki 7 nömrəli texniki- peşə məktəbində baş tutdu. Dahi rəhbər, idmanın böyük hamisi məktəbin şərəf lövhəsində sənin də şəklini gördü və səndən soruşdu ki, boksun sirlərini harada öyrənibsən, rayonda, ya Bakıda. Cavab verirdin ki, "rayonda boksa imkan yoxdur, gəlib burada öyrənmişəm". Ölkə başçısı əlini sənin çiyninə qoyaraq inamla dedi: " Əlizadə. Lənkəranda da boks olacaq. Mütləq olacaq".

Uzaqgörənliklə deyilmiş bu sözlər sonralar özünü şəksiz-şübhəsiz doğrultdu, həm də, qardaşım, sənin ciddi, ardıcıl, prinsipial, yorulmaz fəaliyyətinlə!

Sən zirvələrdə dolaşarkən, qələbə-zəfər eşqiylə çırpınarkən taleyin qara əlləri ömür kitabına qara bir səhifə yazdı: Anan Göyçək xanım 1972-nin 28 aprelində dünyasını dəyişdi.

Ağır günlərində, gərgin anlarında ən yaxın dostun, xeyirxahın, sirdaşın idi anan. Çətinliyə düşəndə, həyat yollarında büdrəyəndə köməyinə ilkin çatırdı anan. Ağıllı məsləhətləri çıraq tutardı qaranlıq yollarına. Odlardan-alovlardan keçirərdi səni. Ömrün sazağında-çovğununda zümrüd quşu kimi isidərdi səni. O, əyilməz dağa bənzəyirdi arxanda. Dizinə baş qoyardın hər darıxanda. Apardı onu ölüm. Elə bil arxandan dağ uçdu sənin. Getdi əbədiyyət dünyasına rəhmətlik ömür-gün yoldaşı İmranın yanına. Gedəndə sənə tapşırdı, sənə əmanət etdi özünün və İmranın yadigarlarını Göyçək anan.

Sən, qardaşım Əlizadə, o gündən girdin ağır və çətin yükün altına. Həm işlədin, həm oxudun, həm də məşqlərə davam etdin. Səni bir az da mətinləşdirdi, inadkarlaşdırdı, məsuliyyətini birə-beş artırdı bu çətinliklər. Aldın çiyinlərinə ailə qayğılarını. Qorudun göz bəbəyintək ata-ana yadigarlarını. Dözdün hər nazına, şıltaqlıqlarına onların. Yaşadın arzuları ilə, qanadlandın istəkləri ilə. Ata-ana əvəzi oldun bacılarına-başının taclarına. Toy etdin el adətincə onlara. Gəlin köçürtdün onları bir-bir. Ev-eşik sahibi elədin. Çıraqları gur yansın, həyatları firavan keçsin deyə əlindən gələnləri etdin bacılarınçın. İndi hərəsi bir evin ocaq yandıranıdır, bir nəslin pasibanıdır, ağbirçəyi, məsləhətçisi, yol göstərənidir bacıların. Hər nə qədər yaşlaşsalar da, valideyn olsalar da səni, sənin onlarla çəkdiyin zəhməti unutmurlar. Namaz üstündə, süfrə başında əllərini tanrı dərgahına qaldırır, ulu tanrıdan sənə cansağlamlığı, uzun ömür, əmin-amanlıq arzulayırlar.

Əzizim Əlizadə! Yollar 1973-1975-də səni hərbi xidmətə aparır-Vətənə əsgəri borcunu vermək üçün. Polad kimi tökmə bədənin, dəmirağacıtək möhkəmliyin, əsl idmançı formasında görünməyin sənin idman rotasına qəbulunu şərtləndirir. 1975-də Murmansk şəhərində SSRİ Silahlı Qüvvələrində keçirilən birincilik yarışlarında sən cəsarətlə çıxış etdin, final görüşlərinə qədər məğlubiyyətsiz gəldin, yalnız finalda məğlub olaraq, gümüş medala layiq görüldün. Bununla da SSRİ idman ustası normasını yerinə yetirdin. Bu qələbə səni daha da ruhlandırdı, belə ki, sən yeni döyüş fəndləri öyrənir, texnikaya yiyələnir, rinqdən-rinqə ustalığını artırır, dünyaca məşhur boksçuların (Şapışnikov, Karalyov, Zbalov, Bıstrov və s.) boks görüntülərini işıqlandıran kitabları maraqla oxuyur, bu boks korifeylərinə aid kinofilmlərə heyranlıqla baxır, onların ustalıq və təcrübələrindən yaradıcılıqla istifadəyə çalışırdın. Səy və çalışmaların nəticəsiz ötüşmədi. Bəhrəsini-faydasını gördün, sevincini yaşadın. Məşqçi - müəllimlərin inanırdılar ki, sənin simanda gələcəyin perespektivli bir boks mütəxəssisi-təcrübəli məşqçisi, hakimi, çempionu yetişir. Sən sonralar əməli-təcrübi fəaliyyətinlə ustadlarının-Azərbaycanın Fəxri Bədən Tərbiyəçisi və İdman İşçisi Aydın Məmmədovun, beynəlxal dərəcəli hakim Nazir Rəhimovun, Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Şamil Əlimzanovun və başqalarının sənin haqqında dediklərini gerçəkləşdirdin. Və sən 1975-də SSRİ idman ustası adına layiq görüldün.

Bu, sənin gərgin və ağır əməyinə verilən ən yüksək qiymət idi.

30-cu dayanacaq

(1985-ci il)

Bu dayanacaqda yaddaqalan ən maraqlı epizod və məqamları, fakt və ştrixləri bokssevərlərin diqqətinə çatdırıram:

1975-1978-ci illərdə 7 saylı Ərazi Nəqliyyat kontorunda tornaçı işləyibsən. Burada da işgüzar və əməksevərliyinlə digərlərindən fərqlənibsən.

1977-nin iyununda Bağçagül xanımla ailə həyatı qurubsan. Bu izdivacdan Elbrus, Seymur və Xəyal adında üç oğul dünyaya gəlib. Hər üç oğlun yolunun davamçılarıdır - hər üçü Azərbaycan çempionudur.

1976-cı ildə ən böyük arzuna çatıbsan. Arzu edirdin ki, Lənkəranda boks bölməsi yaradılsın. Bu arzunu gerçəkləşdirmək üçün sən çox qapılar döydün. Çox namübarək üzlərlə qarşılaşdın. İdmana, xüsusən boksa barmaqarası münasibət sərgiləyən neçə-neçə stolbazla üz-üzə gəldin. Dönmədin inadından. Əl çəkmədin iddiandan. İstəyini respublika idman komitəsinə çatdırdın. Çox yazışmalardan sonra, nəhayət, 1976-da arzunu-istəyini gərçəkləşdirdin: Lənkəran Şəhər İdman Komitəsi nəzdində boks bölməsi yarandı.

1982-də Liman şəhərində təşəbbüsünlə yaradılan boks bölməsi rayonda və habelə respublikada ən fəal, ən aparıcı boks bölmələrindən biri oldu.

1978-1982-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda tələbə sevinci yaşayıbsan. Sənin bu ali məktəbdə təhsil almağında Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi, Sosialist Əməyi Qəhrəmanı İsa Məmmədovun davamlı təkidi və göndərişi xüsusi önəm daşıyıb. Sən İsa Məmmədovun bu təmənnasız xeyirxahlığını bu gün də qədirşünaslıqla yad edirsən.

Arzulayırdın ki, Liman şəhərində Cənub Regional Boks Təlim Mərkəzi inşa edilsin. Sən bu mərkəzin reallaşmasına, gerçəkləşməsinə var qüvvənlə çarpışır, əlaqədar təşkilatları, məsul şəxsləri tez-tez narahat edirdin. Zaman sənin bu arzunu da göyərtdi. Mərkəz hazır oldu. Mərkəzə rəhbərlik sənə tapşırıldı. Sən burada yeni həvəslə, yeni coşqunluqla məşqlər aparır, yeni-yeni qələbələrə imza atırdın və bir gün (25 iyun 2010-da) Respublika Prezidenti, idmanımızın böyük qayğıkeşi İlham Əliyev cənabları Mərkəzin yenidən qurulmasından sonrakı açlışında iştirak etdi, buradakı şəraitdən məmnunluğunu bildirdi. Gənc boksçuların, basketbolçuların və futbolçuların məşq prossesini izlədi.

1982-1986-da Respublika Olimpiya Ehtiyatları Boks Məktəbinin baş məşqçisi işləyibsən. SSRİ Həmkarlar İttifaqı idman cəmiyyətlərinin boks yığma komandasının məşqçisi kimi fəaliyyət göstəribsən.

80-cı illərdə sən daha bir arzunun qanadlarında uçurdun. Arzulayırdın ki, Limanda idman sağlamlıq kompleksi inşa edilsin və bu kompleks gənc boksçulara qucaq açsın. Sənə rahatlıq verməyən bu arzu səni kimlərin qapısına apardı, səni kimlərlə kəlləbəkəlləyə qoydu, səni kimlərlə çarpışmalara çəkdi, onu bir Allah bilir. Tale yenə üzünə güldü, tale yenə arzunu çiçəkləndirdi. 1986-da Liman şəhərində idman sağlamlıq kompleksinin təməlqoyma mərasimi keçirildi və kompleks tezliklə qapılarını idmançıların üzünə açdı. (Liman camaatı deyir ki, kompleksin açılışı günündə sən uşaq kimi ağlayırmışsan?!)

1986-da boks üzrə respublika dərəcəli hakim adına layiq görülübsən.

40-cı dayanacaq

(1995-ci il)

Əzizim Əlizadə! Ömrünün bu dayanacağında sən əlçatmaz-ünyetməz yeni-yeni zirvələrə qalxıbsan. Ürəkaçan yeni uğurların, yeni qələbələrin əlini sıxıbsan. Rinq meydançalarında sərbəst zərbələrinlə neçə-neçə rəqibini ölü kimi yerə səribsən.

1991-in mart ayında Lənkəran Ərazi Neftçi "Könüllü İdman Cəmiyyətini" yaradıbsan və bu cəmiyyətin sədri seçilibsən.

1993-də Azərbaycan Respublikasının Əməkdar məşqçisi adına layiq görülübsən.

1995-in avqust ayında Port Ərazi İdman klubunu təsis edib və 1998-də həmin klubu "Neftçi" idman klubuna çeviribsən.

Qardaşım Əlizadə! Ömür kitabının səhifələrindən bəzilərini xəsisliklə vərəqlədim, onlara ötəri nəzər saldım və bu səhifələrdə dəmir yumruğunun yer-göy titrədən, salonları cana-ruha kökləyən zərbələri əks-səda verir.

Səhifələrdə azərkeşlərin "Hücum, hücum!", "Zərbə, zərbə!" hayqırtıları qanadlanır.

Səhifələrdə döyüşü nokautla uduzan rəqiblərin ağır məğlubiyyətilərinin şahidi oluruq.

Səhifələrdə sənin qalib kürsüsündə necə şahənə-mərdanə, yerindən dəbərdilməz-tərpədilməz əyləşdiyini görürük.

Səhifələrdə alqış yağışında islanır, gül-çiçək dənizində batır, sonsuz insan sevgisində üzürsən.

Səhifələrdə görkəmli idman ustalarının, dünyaca məşhur boksçuların ürək sözlərindən xoşhallanır, sənə sonsuz sevgi və sayğılarına hədsiz sevinirik.

Səhifələrdə əksini tapan "Əlizadə Əsədov məktəbi", "Əlizadə Lənkəran boks məktəbinin atasıdır", "Əlizadə Cənub Regional boks məktəbinin yaradıcısıdır", "Biz idmançılar Əlizadənin evinin zirzəmisindən çıxmışıq" kimi reallığa söykənən deyimlər qəlbimizi qürur-iftixarla doldurur.

Əzizim Əlizadə! İllərdir Lənkəranda boksun yaşamasına, ayaq tutub yeriməsinə ömrünü şam kimi yandırırsan. Gecəni gündüzə qatırsan. Rahatlıq, yorulmaq, usanmaq əsla bilmirsən. Şəraitsizlik, maddi-texniki bazanın yoxluğu arzularına sədd çəkməkdə acizləşir, hər yerdən, hər kəsdən əlin üzülür. Lakin çıxış yolunu tapırsan: yarımçıq qalmış evinin zirzəmisi köməyinə çatır. Yığırsan buraya gənc boksçuları. Və bu zirzəmi boks poliqonu olur həvəskar boksçulara. Axır bura rayonun kənd və qəsəbə boksçuları, boks vurğunları -Koroğlu dəliləri Çardaqlı Çənlibelə axışan kimi! Sən isə hər birini diqqətlə yoxlayır, sınaqdan keçirir, fiziki imkanlarını, texniki qabiliyyətlərini saf-çürük edir, sonda öz fikrini qətiləşdirirdin- Koroğlu öz dəlilərini sınaqdan keçirən kimi! Sonralar… sonralar isə məşqlər başlayır-gərgin, təlatümlü, ardıcıl məşqlər. İsinir zirzəmi gənclərin odlu-alovlu nəfəslərindən. Döyüş-savaş meydançasına dönür zirzəmi cavanların boks zərbələrindən. Səbrlə, dözümlə öyrənirdi bu zirzəmidə cavanlar boksun əlifbasını, boksun elementar prinsiplərini. Öyrənənlər nə qədər inadlı, həvəsli idilərsə, öyrədən də bir o qədər tələbkar və ciddi idi. Zirzəmi beş il doldu-boşaldı. Beş il sən bu zirzəmidə biliyini, təcrübəni, bacarığını gənclərdən əsirgəmədin. Bu zirzəmidə məşq edənlərin sayı ulduzlar sayı, ulduzlar qədərdir. Bəziləri parlamadı. Dözmədi məşqin ağırlığına. Tərk etdilər zirzəmini. Bəziləri dözdü əzaba. Dözdü gərginliyə, məhrumiyyətlərə. Dözənlər sonralar dünya şöhrətli, dünya tutumlu boksçu kimi parladılar. Adı dildən-dilə düşdü. Şöhrəti eldən-elə dolaşdı. Azərbaycanı tanıtdılar dünyaya. Başucalığı, alnıaçıqlıq gətirdilər Azərbaycana, Azərbaycanın bir parçası Lənkərana! Budur, həmin zirzəmidən çıxanlar, budur, boks əlcəkləri ilə dünyanı dolaşanlar, taleyimizə zəhmət ətirli səhifələr yazanlar: Zahid Mehdiyev, Yadigar Məmmədov, Rauf Quliyev, Azər Məmmədov, İlqar Təbibzadə, Elçin Heydərov, Rauf Abbasov, Vidadi Mahmudov, Etibar Babayev, Ramiz Muradov, Elxan Mustafayev, Salman Bağırov, Cavid Tağıyev, İlkin Ağayev, Rafiq Quliyev, Rövşən Nəcəfov… Adlarını sıraladığım bu məşhur boksçular Əlizadənin dünyaya açılan, dünyanı qucan qollarıdır. Bu qollarda Əlizadə ömrünün anları, Əlizadə taleyinin gəncliyi-dincliyi yaşayır və bu möhkəm-çəlik qollar Əlizadəni də özləriylə dünyada gəzdirir. Unudulmur Əlizadə bu yollarda. Qocalmır Əlizadə bu qollarda. Yaşayır Əlizadə bu qollarda və bu qolların güclü zərbələrində!

Zahid Mehdiyev Əlizadənin ilk yetirmələrindəndir. Əlizadə zirzəmisinin ilk "kosmonavtlarındandır." O, Əlizadə tələbkarlığı ilə rinqlərdə püxtələşənlərdəndir, döyüşün sirlərini "su" kimi içənlərdəndir. Belə ki, o, 1987-ci ildə Yevpatoriya şəhərində keçirilən SSRİ Həmkarlar İttifaqı birinciliyinin qalibi olub. 1988-ci ildə Rostov-na Donu şəhərində keçirilən SSRİ çempionatı yarışlarının isə çempionu pilləsinə yüksəlib. Müəlliminin və yaxınlarının Zahidin gələcəkdə böyük idmançı olacağına inansalar da o, qayğısızlıqdan respublikanı tərk etdi. Belorusiya ona qucaq açdı, ona sahib çıxdı. Beynəlxalq turnirlərdə çıxışlar etdi, qələbələrlə Belorusiyaya qayıtdı. Qədirbilən belorus xalqı onu öz oğlu kimi sevdi, qayğısını çəkdi, boksda yeni uğurlar qazansın deyə ona hər cür şərait yaratdı və o, Amerikada Hüyston Dünya çempionatında (1999) yüksək mükafata layiq görüldü, Beynəlxalq dərəcəli idman ustası oldu. Beloruslar onun şərəfinə bukletlər nəşr etdirdilər, haqqında kitablar yazdılar. O, hazırda Almaniyanın Köln şəhərində yaşayır, boks üzrə məşqçi-təlimçi vəzifəsində böyük uğurla çalışır.

Yadigar Məmmədov Əlizadə boks məktəbinin yetirmələrindəndir. Respublikanın Əməkdar məşqçisidir. Yetirməsi Azər Məmmədov 1996-da İtaliyada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində gümüş medala layiq görülmüşdü. Yadigar Məmmədov hazırda Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətinin mərkəzi şurasının boks üzrə baş məşqçisidir. O da ustadı Əlizadə kimi onlarla usta boksçu yetişdirib.

Əlizadə müəllimin yetirmələrindən olan ən ağır çəkili Amil Kərinov dəfələrlə Azərbaycan çempionu olub, Avropa birinciliyinin bürünc mükafatçısıdır.

Zahid Mehdiyev və Cavid Tağıyev beynəlxalq dərəcəli idman ustasıdırlar.

İlkin Ağayev Əlizadə boks məktəbinin nisbətən cavan nümayəndəsidir. O, 2006-cı ildə Albaniyanın Tirana şəhərində keçirilən Avropa birinciliyində və Türkiyənin İstanbul şəhərində keçirilən dünya birinciliklərinin gümüş mükafatçısıdır. 2007-ci ildə isə o, 52 kq çəki dərəcəsində kubalı Lazari Estradaya qalib gələrək, dünya çempionu adını qazandı. İlkin Ağayev Azərbaycan idman ustasıdır. AİBA və YEABA Dünya və Avropa boks federasiyasının diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Həm də Dünya və Avropa birinciliklərində ən yaxşı boksçu adına layiq görülüb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. İlkin Ağayev dünya çempionu olandan sonra neyçünsə yolları bağlandı və unuduldu. Amma onun qalib gəldiyi kubalı Estrado Lazaro sonra dünya yarışlarında, Olimpiya oyunlarında çıxış etdi. Mükafata layiq yerlər tutdu. Lakin İlkin Ağayev yaddan çıxdı. Elə o vaxtdan da onun məşqçisi Əlizadə Əsədovun da "pis" günləri başladı. Onu daha bundan sonra respublika və dünya səviyyəli yarışlara hakim kimi aparmadılar. Və məşqçi kimi də 9 ildir ki, yaddan çıxıb. Respublika səviyyəli fəxri adlar veriləndə də yada düşmür…

Azər Məmmədov və Cavid Tağıyev də Əlizadə boks məktəbinin məzunlarıdır. Hər iki boksçu onlara bəslənilən etimadı doğruldub, dünya və Avropa birinciliyinin boks yarışlarında bir neçə dəfə qalib gəlib və mükafatçılar sırasında olublar. Cavid Tağıyev dünya neft ölkələrinin bokçularının yarışlarında qalib gəlib, üç rəngli bayrağımızı yüksəklərə qaldırıb.

Elbrus, Seymur və Xəyal Əsədov qardaşlarına Əlizadə həm atadır, həm də məşqçidir. Hər üç oğlu respublika çempionudur. Elbrus ali təhsillidir- Prezident Aparatı yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur, "Spartak" İdman Cəmiyyəti Mərkəzi Şurasının sədr müavinidir. Seymur Azərbaycan çempionudur, beynəlxalq turnirlərin qalibidir. Xəyal Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasını bitirib, məşqçidir.

Əlizadə ocağında böyüyüb-bərkiyən bu"kiçik kişi"lərin- nəvələrin-Nihadın, Əlinin, İbrahimin, İsmayılın sabah Azərbaycanda böyük kişilər cərgəsində bərqərarı şübhəsizdir. Əlizadə şir ürəkli atadırsa, Bağçagül xanım erkək tinətli anadır. Bu iki ərdəmlinin qaynağından məhz Elbrus, Seymur və Xəyal kimi oğulların doğuşu təbiidir. Onlardan törəyən nəvələr də deməli, babanın, atalarının yolunu davam etdirəcəklər. Elə bu məqamda fars-tacik şairi Sədi Şirazinin beytini xatırlamaq, məncə, gərəklidir:

Şirdən şir törəyər, pişikdən pişik,

Aslanın balası aslan olacaq.

Əlizadə müəllimin başqa bir yetirməsi Elşən Əbdülrəhmanov kinkboks üzrə Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi, SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim, əməkadr məşqçidir. Azərbaycan yığma komandasının uşu-sanda, kinqboks üzrə yığma komandanın məşqçisidir. Elşən Əbdülrəhmanov həm də ali təhsilli hərbi həkimdir.

Xasay Əmirov Liman şəhərində-Əlizadənin boks məktəbində bu idman növünün sirlərini öyrənib. O, dəfələrlə respublika birinciliklərinin qalibi və mükafatçısı olub. Hazırda Moskvada yaşayır və Moskva boksunu inkişaf etdirir.

Qardaşım Əlizadə! 60-cı dayanacaq sənin ömür karvanını öz ardınca çəkə-çəkə 70, 80, 90, 100-cü dayanacaqlara tələsir. Doludur, yüklüdür, zəngindir, qiymətlidir bu karvanın şahların, sultanların, ləl-cəvahirat dolu karvanlarından da! Qızılla, pula, rüşvətlə, külçə-külçə altınlarla alınmaz-satılmaz bu karvanın! Bu karvanın varidatı zəfər və qələbədir, döyüş və vuruşdur, dözüm və səbatdır, peşəkarlıq və səriştədir, boks və boks əlcəkləridir, müəllimlik və ustalıqdır, saysız - hesabsız boksçulardır, idman ustalarıdır, çempionlardır, hakimlərdir, şöhrət və ad-sandır, fəxri fərmanlar və mükafatlardır, orden və medallardır, el məhəbbəti və el sevgisidir! Bax bunlar sənin mənəviyyat-ruhaniyyat, cəngavərlik-bahadırlıq, hünər-şücaət karvanının zənginlikləri, sərvətləridir. Bu karvanın sahibi də sənsən, sarbanı da! Gedirsən sabaha və sabahlara. Gedirsən əbədiyyətə, ölümsüzlüyə, sonsuzluğa. Əbədidir ömrün. Əbədidir sənətin. Sən sağ ikən əbədiyyətə qovuşmusan hünərinlə, döyüşkənliyinlə, cəsarətinlə, məğlubedilməzliyinlə, boks meydançalarındakı məharətinlə, ustadlığınla!

Artıq ömrürün 70-ci onluğunu xırdalayırsan. Deməli, müdrikliyin 70-ci pilləsi səni ucalığa aparmaqla, bir daha Cənub boks məktəbinin atası, yaradıcısı adını qorumaqla, birinciliyi də sənin adınla tarixin səhifələrinə yazır. Sən Azərbaycanın boks tarixinə adını şərəflə yazan xalqımızın böyük idmançısısan. İnanırıq ki, tarixlər vərəqlənəndə XX əsrin 70-ci illərindən başlayaraq, XXI əsrin bu şanlı illəri də daxil olmaqla Əlizadə Əsədovun sayəsində Cənub boks məktəbi özünün tarixlərdə qalan sətirlərini yazıb. Bu, danılmaz və müzakirə olunmaz bir həqiqətdir.

Musa XANBABAZADƏ,

Lənkəran şəhəri

Bütün xəbərlər Facebook səhifəmizdə