"Paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır. Sentyabrın 1-dən 13-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək nəticədir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov deyib.
O qeyd edib ki, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlər də nəzərdə tutub: "Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər. Təqdimat mərasimində milli komandamızın üzvləri də iştirak etdilər. Şahmat avtobusunda quraşdırılmış lövhədə Şəhriyar Məmmədyarovla Nərgiz Umudova qarşılaşdı. Partiya Şəhriyarın qələbəsi ilə başa çatdı".
M.Məmmədov bildirib ki, olimpiadada iştirak edəcək komandalar avqustun 25-dən Bakıya gəlməyə başlayacaqlar: "Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaqlar. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2245 nəfəri artıq viza alıb. Qalanları isə vizalarını hava limanında alacaqlar. Bu proses hava limanında heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və idman zallarımız olimpiadaya tam hazırdır. Bakı Şahmat Olimpiadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB