Bu gün olimpiadada 6 idmançımız mübarizəyə qoşulacaq

Bu gün olimpiadada 6 idmançımız mübarizəyə qoşulacaq

Bu gün "Rio-2016" Yay Olimpiya Oyunlarında Azərbaycanın 6 idmançısı medallar uğrunda mübarizəyə qoşulacaq. SİA-nın məlumatına görə, taekvondoçumuz Milad Beigi Harçeqani ilk görüşünü keçirəcək. 80 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimizin 1/16 final mərhələsində rəqibi Mali idmançısı İsmael Kulibali olacaq. Döyüş Bakı vaxtı ilə saat 17:15-də başlanacaq.

Saat 17:20-də bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə təsnifat yarışına qatılacaq. 26 idmançının yerinə yetirəcəyi 4 hərəkətin yekununda finalçılar müəyyənləşəcək. Həlledici mərhələ avqustun 20-də saat 22:20-də başlanacaq.

Bundan sonra 2 sərbəst güləşçi ilk görüşünə çıxacaq. Saat 17:24-də dünya çempionu Hacı Əliyev 57 kq çəkidə 1/8 final görüşünü keçirəcək. Onun ilk rəqibi Yunsik Yun (Koreya Respublikası) olacaq. Saat 17:48-də isə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov (74 kq) kolumbiyalı Karlos Arturo İzkierdo Mendeslə qarşılaşacaq. Təsəlliverici görüşlər saat 23:00-da, medal yarışları saat 00:00-da başlanacaq.

Saat 18:30-da qadın taekvondoçu Fəridə Əzizova 67 kq çəkidə ilk görüşünü keçirəcək. O, ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gələcək. Saat 21:45-də boksçumuz Lorenso Sotomayor (64 kq) yarımfinal qarşılaşmasına çıxacaq. O, Almaniya təmsilçisi Artyom Harutunyanı məğlub etsə, Azərbaycan boks tarixində ilk dəfə Olimpiya Oyunlarında finala yüksələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə