Sadıq Sadıqov: "Azərbaycan futbolunun inkişafı planlı şəkildə həyata keçirilir"

Sadıq Sadıqov: "Azərbaycan futbolunun inkişafı planlı şəkildə həyata keçirilir"

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün "Neftçi" PFK-nın bazasına təşrif buyurub. O, AZAL-la oyuna hazırlaşan flaqman futbolçularının məşqini izləyib. Bununla yanaşı, Berti Foqts "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqovla görüşərək, fikir mübadiləsi aparıb. Siasport.az saytı xəbər verir ki, almaniyalı çalışdırıcını səmimiyyətlə salamlayan Sadıq Sadıqov belə görüşlərin vacib olduğunu söyləyib: "Sizi klubumuzun bazasında görmək çox xoşdur. Bildiyiniz kimi, əsas milli komandaya, eləcə də aşağı yaş qruplarından ibarət yığmalara ən çox oyunçu verən klub "Neftçi"dir. Biz xüsusilə uşaq və yeniyetmə futbolunun inkişafına böyük önəm veririk. Bu baxımdan yığma məşqçiləri ilə əməkdaşlıq, onlarla fikir mübadiləsi aparmaq gərəklidir". Eyni zamanda, "Neftçi" PFK-nın prezidenti AFFA rəhbərliyinin məqsədyönlü fəaliyyət göstərdiyini vurğulayıb: "Azərbaycanda bütün idman növlərinin, o cümlədən futbolun inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb. Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA futbolumuzun inkişafı üçün səylə çalışır. Bir neçə il əvvəllə müqayisə etdikdə, istər milli komanda, istərsə də klub səviyyəsində nəticələrin yaxşılaşdığını görmək mümkündür. Yığmanın son nəticəsindən sonra baş məşqçiyə qarşı təzyiqlər var idi. Lakin buna ciddi fikir vermək lazım deyil. Çünki Azərbaycan futbolunun inkişafı planlı şəkildə həyata keçirilir. İnanıram ki, yaxın illərdə daha böyük uğurlar qazanacağıq".

Səmimi qəbula görə "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqova minnətdarlığını bildirən milli komandanın baş məşqçisi Berti Foqts klub rəhbərliyinin qarşıdakı planları ilə maraqlanıb. Həmçinin, qonaq "ağ-qaralar"a gələcək yarışlarda uğurlar arzulayıb: "Neftçi"nin bazasında gördüklərim məni məmnun etdi. Hazırda bu komanda Premyer Liqanın çempionu olmağa çox yaxındır. Ölkə çempionatında və yayda mübarizə aparacağınız avrokuboklarda sizə uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə