Valentin Demyanenko: "Olimpiadaya yüz faiz hazırlıqlı idim" AÇIQLAMA

Valentin Demyanenko: "Olimpiadaya yüz faiz hazırlıqlı idim" AÇIQLAMA

"Əlamətdar hisslər keçirirəm. Yürüş gərgin keçdi. Bütün rəqiblərim çox güclü idi. Elə alındı ki, mən ikinci yeri tutdum". SİA-nın məlumatına görə, bunu Azərbaycan kanoeçisi Valentin Demyanenko "Rio-2016" Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə final yürüşündən sonra Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında deyib.

O bildirib ki, hər bir idmançı kimi olimpiya çempionluğu əldə etmək istəyib: "Elə bir idmançı yoxdur ki, olimpiadada 2-3-cü yerləri tutmaq istəsin. Hamı qalib gəlməyə can atır. Hər kəs öz gücünə əmin olur. Burada dünyanın özünə ən çox inanan insanları toplaşmışdı. Hər kəs özü üçün qalibdir. Amma yürüşün gedişi başqa şeyi göstərdi. Təəssüflənən deyiləm. Nə etmək olar?"

O qeyd edib ki, olimpiadaya yüz faiz hazırlıqlı idi: "Döyüşdən sonra yumruq atmazlar. Amma gümüş medal mənim üçün yaxşı nəticə deyil. 15 ildir bu növlə məşğulam. Yəni ömrümün yarısını. 2020-ci il Tokio Olimpiadasında 200 metr məsafəyə yürüş olmayacaq. Ona görə də ya başqa məsafəyə keçməli, ya da karyeramı bitirməliyəm. Hələ bu barədə düşünəcəyəm. Buradan gedib ata-anamı görəcəyəm. İndi də onlara zəng etməyə tələsirəm".

Xatırladaq ki, Valentin Demyanenko yarışda gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə