"Alimxanulı ilə Qazaxıstanda yaşadığım vaxt gənclər arasında dünya çempionatında qarşılaşmış və uduzmuşdum. Bu görüşdə həmin məğlubiyyətin əvəzini çıxdım, bütün Azərbaycan xalqını, valideynlərimi sevindirdim". SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında Azərbaycan boksçusu Kamran Şahsuvarlı 75 kq çəki dərəcəsində "Rio-2016"nın bürünc medalını təmin etdiyi 1/4 final görüşündən sonra deyib.
Gənc idmançı bildirib ki, qazaxıstanlı rəqibi Janıbek Alimxanulı ilə döyüşə çıxmamışdan öncə çox həyəcanlı olub:"Onunla necə vuruşacağımı bilmirdim. Amma ilk raundda rəqibi əks-hücumlarda yaxaladım. 3 zərbə endirməli idim. Bunun öhdəsindən gəlməyə çalışdım".
Yarımfinaladək irəliləməsindən məmnun olduğunu deyən K.Şahsuvarlı bildirib ki, olimpiya çempionluğu qazanmaq hər bir insanın arzusudur. Bu səbəbdən, gənc idmançı olimpiadada rinqdə sonadək vuruşacağını açıqlayıb: "Qazaxıstanlı boksçu ilə döyüşün qalibinin olimpiya çempionu olacağına dair fikirlərə münasibət bildirməyim çətin olar. Lakin özümə inanıram".
Sonda K.Şahsuvarlı təmsil etdiyi "Qəbələ" klubuna və orada çalışan 3 məşqçisinə minnətdarlığını bildirib.
Qeyd edək ki, boksçumuz yarımfinalda kubalı Arlen Lopeslə qarşılaşacaq. Avqustun 18-də keçiriləcək görüş saat 22:00-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB