Füzuli Musayev: “Rəşad Əhmədovun karyerasını başa çatdırması barədə yayılan xəbər yalandır”-MÜSAHİBƏ
Azərbaycan Taekvando Federasiyasının I vitse-prezidenti Füzuli Musayevin siasport.az saytına müsahibəsi:
- Füzuli müəllim, Azərbaycan Taekvando Federasiyası üçün 2011-ci ilin I rübü necə keçdi?
- İlk oncə onu qeyd etmək istəyirəm ki, bizim rəsmi yarışlarımız ancaq may ayından başlayıb. Yəni beynəlxalq yarışlarda artıq bizim idmançılarımız iştrak ediblər. A kateqoriyalı turnirlərdə xal qazanılıb və bu xal hesabına reytinqdə öz yerinimizi müəyyənləşdirmişik. Reytinq bizdə çox vacib bir məqamdır. Məsələn Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında, beynəlxalq rəsmi yarışlarda reytinqdə kim yuxarıdırsa, onlar bir-biriləri ilə qarşılaşmırlar. Onları ayrı-ayrı qruplara qoyurlar. Bu nöqteyi nəzərdən də bizim idmançılarımızın müəyyən çəki dərəcələrində artıq reytinqləri çox yaxşıdır. Ramin Əzizov Fransa açıq çempionatında qızıl medal qazanıb. O, açıq Amerika çempionatında gümüş, son açıq Almaniya çemponatında bürünc medal əldə edib. Yəni Ramin Əzizov artıq reytinqdə çox yuxarıdadır. Təvəkkül Bayramov və Elvin Məmmədovun da ağır çəkidə reytinqləri yüksəkdir. Qarşıdakı dünya çempionatında idmançılarımız yüksək reytinqdə olan idmançılar siyahısında olacaqlar.
- Bəs qarşıda idmançılarımızı hansı yarışlar gözləyir?
- Qarşıda isə bizim əsas yarışlarımızdan biri dünya çempionatıdır. Aprelin 29-u Koreyda dünya çempionatı keçiriləcək və orada da bizim komandamız iştrak edəcək. Düşünürəm ki, idmançılarımız öz sözlərini bu dünya çempionatında da deyəcəklər. Dünya çempionatından sonra Azərbaycanda 2012-ci ilin London Olimpiya Oyunlarına lisenziya xarakterli dünya lisenziya turniri keçiriləcək. Azərbaycanda açıq Azərbaycan çempionatı keçiririk ki, o da həmçinin reytinq yarışlarındandır. Taekvandoda dünya çempionatında olimpiya oyunlarına lisenziya əldə etmək mümkün deyil. Bunun üçün ayrılmış iki turnir var - qitə və dünya turniri. Dünya turnirini Azərbaycanda keçirəcəyik və əlimizdən də gələni edəcəyik ki, uğur qazanaq.
- Rəşad Əhmədovun karyerasını başa vurması barədə məlumatlar yayılıb. Bu, həqiqətə uyğundur?
- Rəşad Əhmədovun karyerasını başa çatdırması barədə yayılan xəbər yalandır. Düzdür, hazırda yığma komandanın tərkibində yer almayıb. Ancaq o karyerasını başa vurmayıb. Rəşad Əhmədov dünya çempionatının reytinqinə düşmür. Ramin Əzizov Rəşad Əhmədovdan fərqli döyüşür. Bilirsiniz ki, taekvandoda dəyişikliklər olub. İndi elektron gödəkçələrə keçilib. İndi idmançılar zərbələrinin çoxunu başa vururlar. Risqə gedirlər ki, daha çox xal qazansınlar. Rəşad hücum edib xalları yığır, amma qəfildən zərbələri buraxır və rəqib xallarını onunla eyniləşdirir. Biz də qərara gəldik ki, həmin çəki dərəcəsində Azərbaycanı Ramin təmsil etsin. Lisenziya yarışlarında isə bizi kim təmsil edəcək hələ məlum deyil?
- Dünya çempionatında daha çox hansı idmançıların medal qazanacağına ümid edirsiniz?
- Dünya çempionatında komandamızın heyətində ümid etdiyimiz idmançılar daha çox gənclərdir. Onlar böyüklərin sırasına yeni qoşulurlar. Məsələn, Aydın Bəhməlovdan ağır çəkidə dünya çempionu olmağını gözləməsəm də, medal qazanacağına inanıram. Ramin Əzizov da istədiyimiz səviyyədə formadadır. Elvin, Ziya, Fariz, Təvəkkül kimi yüksək hazırlıqlı idmançılarımız da var. Dünya çempionunda bir qızıl medal qazanmaq da böyük nailiyyətdir. İndiyədək hələ ki, bizim nəticələrimizi təkrar edən olmayıb. Keçmiş SSRİ məkanında yeganə dünya çempionu Niyaməddin Paşayevdir. O 2001-ci ildə bu nəticəni göstərsə də, 10 ildi ki, bu nəticəni təkrar edən olmayıb.
- İdmançılarımız üçün ölkədən xaricdə təlim-məşq toplanışları təşkil olunurmu?
- Tez-tez təlim-məşq toplanışları keçiririk. Demək olar ki, hər ay hazırlıq prosesi təşkil edirik. Hazırda Dağıstana təlim-məşq toplanışına göndərdiyimiz komandamız oradan qayıtdıqdan sonra Koreyaya dünya çempionatında yollanacaq. Bizim müəllimlərimizdən biri də koreyalıdır. Adını da Cavanşir qoymuşuq. Artıq proqram hazırdır və Koreyada komandamız bir neçə universitet komandaları ilə məşqlər edəcək, yoldaşlıq görüşləri keçirəcək.
- Məşçilər korpusundan razısınız?
- Bütün Federasiyaların çatışmayan cəhətləri olur. Heç yerdə hər şey mükəmməl olmur. Bizim məşqçilər korpusunun da çatışmayan cəhətləri var. Karyerasını bitirmiş idmançılarımız da məşqçiliyə başlayırlar. Gənclərimiz onların təcrübələrindən istifadə edirlər.
- Hakimlərimiz beynəlxalq yarışlarda iştirak edirlər?
- Zaman keçdikcə beynəlxalq dərəcəli hakimlərimizin sayı artır. 7-8 il öncə bizim heç bir beynəlxalq hakimimiz yox idisə, artıq 12 nəfər beynəlxalq səviyyəli hakimlərimiz var. Avropa və dünya çempionatlarında hakimlərimiz ədalət prinsiplərini qoruyanlar sırasında olurlar. İlin əvvəlində Azərbaycanda hakimlər üçün seminar keçirdik. Bir hakimimiz Londan Olimpiya Oyunlarında iştirak etməyə çox yaxındır. Reytinq xalı yüksəkdir.
- Regionlarda taekvandoya maraq necədir?
- Bir neçə il öncə taekvando idman növü yalnız bir neçə regionda var idi -Bakı, Gəncə, Tovuz, Qazax və Masallıda. Hazırda isə Azərbaycanın bütün bölgələrində taekvando klubları var. Azərbaycan çempionatında 500-dən çox idmançı iştirak edir. Hətta ucqar kəndlərdən belə yarışa gələnlər olur. Federasiya tərəfindən də regionlarda açılmış klublara böyük diqqət və qayğı göstərilir. Hər il regionlara 5-6 dəst tatami hədiyyə olunur, geyimlərlə təmin olunurlar.
- Azərbaycanda qızların bu növə həvəsi varmı?
- Azərbaycanda qızların da taekvandoya marağı yüksəkdir. Komandamızda Lənkərandan, Gəncədən, Ağsudan və başqa regionlardan xanımlar yer alıblar. Qızlarımız artıq beynəlxalq yarışlarda da nəticələr verirlər. Bu dünya çempionatında da qadın komandamızdan medallar gözləyirik.
- Milli komandamızda iki legioner var. Onlardan razısınız?
- Bəli, milli komandamızda iki legiorenimiz var. Biri qız, biri isə oğlandır. Hər ikisi koreyalıdır. Amma qeyd edim ki, Azərbaycan çempionatında legioner qız Fəridə Əzizovaya yenildi, legioner oğlan isə Elvin Məmmədova məğlub oldu. Ona görə 74 kq çəki dərəcəsində milli komandamızda bizi Elvin Məmmədov təmsil edəcək. Koreyalı qız isə çəki dərəcəsini dəyişərək, legioner kimi yığma komandamızın heyətinə düşə bildi.
Elgün Vidadioğlu
siasport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB