Yunan-Roma güləşiçilərimiz vətənə qayıtdılar

Yunan-Roma güləşiçilərimiz vətənə qayıtdılar

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında 1 qızıl və 4 bürünc medal qazanmaqla komanda hesabında 2-ci yeri tutmuş yunan-roma güləşi üzrə yığmamız Vətənə dönüb. Siasport.az saytı xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında güləşçilərimizi qarşılayanlar arasında media nümayəndələri də var idi. Azərbaycan Güləş Federasiyasının yunan-roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov idmançılarımızın çıxışlarını yüksək qiymətləndirdi: "Hər şeydən öncə onu deyim ki, yunan-roma yığmamız Avropa çempionatları tarixində ilk dəfə olaraq komanda hesabında 2-ci yeri tutdu ki, bu da bizi çox sevindirir. Biz 1-ci olan Rusiyadan cəmi 2 xal geri qaldıq. Əgər 84 və 120 kq çəkilərdəki təmsilçilərimiz də bir qədər uğurla çıxış etsəydilər, biz komanda hesabında 1-ci ola bilərdik. Çempionumuz Rafiq Hüseynov, eləcə də bürünc medalçılar-55 kq-da gənc Eldəniz Əzizli və 96-da Şalva Qadabadze də özlərini yaxşı tərəfdən göstərdilər. Əldə etidyimiz nailiyyətlər federasiyamızın, eləcə də Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin öz işlərini düzgün qurmasının nəticəsidir".

74 kq çəkidə Avropa çempionu Rafiq Hüseynov 1-ci olmasından sonsuz sevinc hissi keçirdiyini desə də, qarşıda daha yüksək hədəflərinin olduğunu sözlərinə əlavə etdi: "Növbəti təlim-məşq toplanışlarına başladıqda artıq Avropa çempionu olduğumu unudacam. Çünki bu, artıq keçmişdə qaldı. Əsas hədəfim sentyabrda İstanbulda keçiriləcək dünya çempionatına yönəlib. Bu yarışda da uğurla çıxış edərək olimpiadaya lisenziya qazanmaq istəyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə