Rioda olan yığmamıza çoxsaylı təbrik məktubları ünvanlanır FOTOLAR

Rioda olan yığmamıza çoxsaylı təbrik məktubları ünvanlanır FOTOLAR

Cüdoçularımızın "Rio-2016" Yay Olimpiya Oyunlarında göstərdikləri nəticələr Azərbaycanda böyük sevinclə qarşılanıb. İdmançılarımızın uğurları ölkəmizdə böyükdən kiçiyə hər kəsi sevindir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, hələ olimpiadanın davam etdiyi zamanda, nümayəndə heyətimizin Rio-de-Janeyroda olmasına baxmayaraq, azərbaycanlı idmansevərlər sevinclərini bölüşmək üçün birbaşa Braziliyaya - yığma komandamıza, Milli Olimpiya Komitəsinə və Gənclər və İdman Nazirliyinə çoxsaylı məktublar ünvanlayırlar. Məktub yazanlar arasında məktəblilər, gənc idmançılar, müxtəlif qeyri-hökumət təşkilatları, dövlət qurumları və digərləri yer alır.

Nəsimi rayon İcra Hakimiyətinin Başçısı Asif Əsgərov milli komandamıza və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə ünvanladığı məktubunda ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsinin də uğurla inkişaf etdiyini, bu sahəyə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildirib. Vurğulayıb ki, Azərbaycan olimpiya hərəkatının fəal üzvüdür. İdmançılarımız 1996-cı ildən qatıldığımız Yay Olimpiya Oyunlarında artan dinamikalı qələbələr qazanırlar.

Məktubda, həmçinin Nəsimi rayon ictimaiyyətinin "Rio-2016"da idmançılarımızın çıxışlarını diqqətlə izlədiyi, onların uğurlu nəticələrinə hədsiz sevindiyi qeyd edilib, cüdoçularımızın 2 gümüş medal qazanması münasibəti ilə səmimi təbriklər yer alıb və idmançılarımıza yeni qələbələr arzulanıb.

Qeyd edək ki, "Rio-2016"ya 6 kişi cüdoçu ilə qatılan Azərbaycan millisi mötəbər yarışda 2 gümüş medal qazanıb. Rüstəm Orucov 73, Elmar Qasımov 100 kq çəki dərəcəsində 2-ci olub.

Qazanılan 2 gümüş medal sayəsində yığmamız medal sıralamasında 12-ci yerdə qərarlaşıb. Yarışa qatılan 136 ölkədən yalnız 26-sı medal qazana bilib. Azərbaycan postsovet məkanında Rusiyadan sonra ikinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə