Ruslan Abışov: \"Klipə çəkilmək mənim üçün sadəcə əyləncədir\"-MÜSAHİBƏ
Bu gün milli komandamızın futbolçusu Ruslan Abışovun çəkildiyi klipin təqdimat mərasimi keçirildi. Siasport.az saytı xəbər verir ki, gənc müğənni Sevda Yahyayevanın \"Gecdir daha\" adlı mahnısına çəkilmiş klipdə yer alan Abışov \"Park Bulvar\"da keçirilən mərasimdə medianın diqqət mərkəzində idi.
Şou-biznes sahəsində çalışan jurnalistlərin suallarını cavablandıran Ruslan idman mətbuatını da yaddan çıxmarmıdı. \"Neftçi\"nin müdafiəçisi tədbirdə iştirak edən idman jurnalistlərin də suallarına cavab verdi.
- Şou-biznes sahəsində çalışan jurnalistlərə müsahibə verdin. Yorulmadın?
- Yoruldum, boğazım qurudu (gülür). Hamı eyni sualları verir, mən də eyni cavabları vermək məcburiyyətindəyəm.
- Şou-biznesdən danışmaq sənin üçün çətin olmadı ki?
- Asan deyil. Ancaq digər tərəfdən şou-biznes tədbirində iştirak etmək maraqlıdır. Çünki futbolda, milli komandanın beynəlxalq səviyyəli oyunlarından qırağa çıxsaq, belə bir atmosfer yoxdur. Mənə elə gəlir ki, bu, maraqlıdır.
- Bu atmosferin özəlliyi nədi ki, futbolda yoxdu? Fərqli cəhətləri hansıdı?
- Bizim səviyyə fərqimiz, inkişafımız, futbola baxışımız tam başqa cürdür. Məncə, bunun üçün bizdə belə şeylərin inkişafına, işlərin, tədbirlərin olmasına hələ vaxt lazımdır.
- \"Gecdir daha\" mahnısının klipinin çəkilişinə dəvət haqda nə deyə bilərsiniz? Bu, sizin üçün gözlənilməz oldu?
- Bəli. Bu ideya qardaşım, eyni zamanda menecerim olan Sərxanla Sevda xanımın meneceri Pərvizdən gəldi. Bu, onların futbolla şou-biznesin vəhdəti ilə bağlı birgə layihəsi idi. Məqsəd futbolçunun müğənni ilə birgə klipə çəkilməsi idi ki, Azərbaycanda ilk dəfə olan bu layihəni biz reallaşdırdıq. Hər ikimiz bu ideyanı bəyəndik və dəstəklədik. Razılaşdıq və fikirləşdik ki, niyə də olmasın? Çünki bu, Avropada, bütün dünyada istifadə olan bir praktikadı. Mənə elə gəlir ki, uğurlu bir klip alındı. Bunu izləyənlər də görəcək. Mənim üçün də maraqlı idi ki, bu klipdə aktyorluğu necə bacaracağam.
- Sevda xanımın mahnılarına qulaq asırsan?
- Əlbəttə. Bunu onun klipinə çəkildiyim üçün yox, səmimi deyirəm ki, Sevda xanımın mahnılarına qulaq asıram. Bəyəndiyim sənətçidir.
- Çəkilişdə yadınızda qalan hansı maraqlı hadisələr oldu?
- Bunlar çəkiliş meydançasında olurdu. Klipin rejissoru bir neçə kadrda məni başa saldı ki, bir az burda belə davran, incə ol, kobud olma. Məndə də ilk işim olduğum üçün bir az təcrübəm yox idi.
- Baş rolda özününü narahat hiss edirdiniz?
- Yox. Sadəcə, bu klipə çəkilmək mənim üçün maraqlı, bir əyləncə idi.
- Burda idman elementləri var?
- Yox. Bu, sırf sevgiyə aid klipdir.
- Klipi izlədik. Əvvəlində gözə dəymirdiniz?
- Bu, rejissorun öz işidir.
- Klipə çəkilmək vaxt baxımından problem yaratmır ki?
- Çəkilişlər cəmi 1 gün çəkdi. Sağ olsun, klub rəhbərliyi mənə şərait yaratdı. Yanvarda Türkiyədə təlim-məşq toplanışında olduğumuz zamanı klipə çəkildim. Ertəsi komandaya döndüm, normal məşqlərimi davam etdirdim, heç bir problem olmadı.
- Futbol oynamaq asandı, yoxsa klipə çəkilmək?
- Futbol oynamaq.
- Gələcəkdə yenə klipə çəkilmək təklifi olsa, qəbul edərsiniz?
- Mənim bu dəqiqə əsas planlarım başqadır. Bu klipdə özümü aktyor kimi sınamaq mənim üçün maraqlı idi. Ancaq yenə deyirəm ki, əsas işim futboldur, burada planlarım var. İlk növbədə uğurlu karyera haqda düşünürəm. Yaxşı Avropa klublarından birinə transfer olunmaq istəyirəm. Qalanların hamısı əyləncədir, bu gün oldu, tarixdə qaldı.
- Bu əyləncələrin fikrinizdən yayınmağa, belə diqqət, ab-havanın \"ulduz xəstəliyi\"nə gətirib çıxarmasından çəkinmirsiniz?
- Mən bir şeyi etiraf edim ki, \"ulduz xəstəliyi\" deyilən söz mənə çatmır. Bununla heç vaxt razılaşa bilmirəm. Mən futbolçuyamsa, işim budursa, karyera qısa müddətli olduğundan, yaxşı məşq edib, oyun göstərməyə, klublarda forma geyinməyə çalışıram. Ən əsası, millidə yaxşı uğurlar qazanım ki, futboldan gedəndən sonra keçmişə baxanda xoş xatirələrim olsun. Deyim ki, mən də belə bir futbolçu olmuşam, xatirələrdə yaxşı oyunçu kimi qalım. Mən sadəcə, xəyalımda bunları fikirləşirəm. Şou-biznes, klipə çəkilmək - bunlar mənim üçün ikinci dərəcəli işlərdir.
- Yayda Avropada getməyi qətiləşdirmisiniz?
- İnşallah. Mətbuatda oxuyuram ki, \"Anderlext\", \"Brügge\"dən təklif almışam. Açığı, Vallah bu təkliflərin heç birindən xəbərim yoxdur. Mən bu söhbətlərin haradan gəldiyini bilmirəm. Əlbəttə, gələcəkdə əsas məqsədim Avropanın güclü bir klubuna keçməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB