"Baku Fires" boks klubu WSB liqasının yarımfinal görüşünə hazırlığı davam etdirir. Siasport.az saytı xəbər verir ki, komandamız aprelin 9-da Sərhədçi İdman Olimpiya Mərkəzində Fransanın "Paris United" klubu ilə qarşılaşacaq. Aprelin 4-də komandamız Sərhədçi İdman Olimpiya Mərkəzinin boks zalında mətbuat üçün açıq məşq keçib. Məşqi Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov da izləyib.
"Baku Fires" klubunun baş məşqçisi Həmzət Ağayev jurnalistlərə
açıqlamasında komandanın hazırlığı barədə məlumat verib: "Gündə 2 dəfə olmaqla
yarımfinal görüşünə hazırlığı davam etdiririk. Bilirik ki, Fransa komandasında
2 çəki dərəcəsi daha güclüdür. Bunlar 54 və 85 kq çəki dərəcələridir. Həmin
çəki dərəcələrində Nordin Oubaali (54
kq) və Lüdovik Qroque (85 kq) Olimpiya lisenziyaları uğrunda döyüşəcəklər.
Ancaq bizim komandamız da hazırda WSB liqasında ən güclülərdəndir. Qarşımıza
yarışın qalibi olmaq məqsədi qoymuşuq". Həmzət Ağayev ilk yarımfinal
qarşılaşmasında bəzi çəki dərəcələrində hansı idmançılara güvənəcəklərini
müəyyənləşdirdiklərini bildirib: "54 kq çəki dərəcəsində Məhəmməd Abdulhəmidov
döyüşəcək. 61-də Semyon Qrivaçyov, 91+kq da isə Məhəmmədrəsul Məcidov. 73 və 85
kq-da kimə şans verəcəyimiz son məşqdən sonra məlum olacaq"
ABF-nin baş katibi Nağı Səfərov boksçularımızın WSB liqasındakı
çıxışını yüksək qiymətləndirib: "Komandamız Asiya zonasında 31 xal topladı.
Amerika və Avropa qruplarının qalibləri isə daha az xal yığıblar. Bu da "Baku
Fires"in gücündən xəbər verir". Baş katib azarkeşlərə müraciət edərək, onlardan
boksçularımıza dəstək olmasını istəyib: "Yarımfinal görüşü çox çətin keçəcək.
Burada azarkeş amilinin də rolu böyükdür. Bütün idman həvəskarlarını aprelin
9-da "Sərhədçi" İdman Olimpiya Mərkəzinə dəvət edirəm". Mayın 28-də Olimpiya
lisenziyası uğrunda italiyalı Klemente Russo ilə döyüşəcək Məhəmmədrəsul
Məcidov yarımfinalda da "Baku Fires"in heyətində olacaq: "Ən yaxşı məşq elə
rinqə çıxıb mübarizə aparmaqdır. İnanıram ki, hər 2 görüşdə fransızları məğlub
edəcəyik. Russo güclü boksçudur. Dünya çempionatında mükafata layiq yerlər
tutub. Amma özümə güvənirəm. Azərbaycana Olimpiya lisenziyası qazandırmaq üçün
əlimdən gələni edəcəm".
Xatırladaq ki, "Baku Fires" – Paris United" görüşü aprelin 9-u saat
19.30-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB