Elmar Qasımov: "Rəqib dəhşətli dərəcədə güclü deyildi" MÜSAHİBƏ

Elmar Qasımov: "Rəqib dəhşətli dərəcədə güclü deyildi" MÜSAHİBƏ

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan cüdoçusu Elmar Qasımov (100 kq) çexiyalı Lukas Krpaleklə final qarşılaşmasından sonra Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın suallarını cavablandırıb. SİA cüdoçumuzun müsahibəni nəzərinizə çatdırır:

- Olimpiya mükafatçısı olmağın münasibətilə səni təbrik edirik. Görüşlərin necə keçdi?

- Bura olimpiya çempionluğu üçün gəlmişdim. Bir az yorğunluq var idi. Amma burada 2 həftə qaldıqdan və istirahət etdikdən sonra görüşlərə tam hazırlıqlı çıxmışdım. İlk görüşlərimdə fiziki və texniki hazırlığım normal idi. Yarımfinalda qarşılaşdığım ukraynalı rəqibimədək hər şey qaydasında gedirdi. O, üstümə var gücü ilə gəldi. Bilirdi ki, 2-3 dəqiqə ərzində nəsə edəcəyi təqdirdə, məndən üstün ola bilər. O görüşdə var gücümlə vuruşdum. Ayaqlarımda ağrılar, əzələlərimin dartıldığını hiss etdim.

- Bu rəqibi 2009-cu ildə İrəvanda 23 yaşadək cüdoçular arasında keçirilmiş Avropa çempionatının finalında məğlub etmişdin. Həmin görüşdəki rəqiblə indiki arasında hansı fərqi görürsən?

- Eyni rəqibdir. Sadəcə, yaşımız artıb. Təbii ki, məndən daha çox artırıb. O görüşdən sonra bir neçə dəfə üz-üzə gəlmişik. Bir dəfə Avropa çempionatının, başqa vaxt isə "Masters" turnirinin finalında görüşmüşdük. Amma üstünlük məndə idi. Çünki daha çox mən qalib gəlmişdim. Hazırda elə də dəhşətli dərəcədə güclü deyildi. Digər tərəfdən, yarımfinal və final görüşləri arasında vaxt az idi. Bu da özünü həlledici görüşümdə biruzə verdi.

- Hazırda jurnalistlər sənin valideynlərinlə birgədirlər. Buradan Azərbaycana, valideynlərinə hansı mesajları verə bilərsən?

- Təkcə bu nəticəyə görə yox, bütün nəticələrimə görə atama borcluyam. Məni idmana o qoyub, 2007-ci ildə ölkə miqyasında yer tutanadək çox dəstək verib. Həmçinin anam da mənə böyük dəstək olub.

- Avqustun 12-də cüdo idman növündə Azərbaycanın sonuncu təmsilçisi Uşangi Kokauri tatami üzərinə çıxacaq. Ondan nə gözləyirsən?

- Kokaurinin çıxış etdiyi 100 kq-dan yuxarı çəkidə bir idmançı var ki, 2008-ci ildən sonra cəmi 2 dəfə uduzub. Kokaurinin çempionluq şansları azdır, amma yer tuta bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə