Mirbağır İsayev: “Çətin qarşılaşma olduğu üçün Əfqan Həmzəyevə heç bir irad bildirmirəm”

Mirbağır İsayev: “Çətin qarşılaşma olduğu üçün Əfqan Həmzəyevə heç bir irad bildirmirəm”

"Şəfa" stradionunda 1-ci Divizionun lideri "Abşeron" Premyer Liqaya çıxmağa iddialı sayılan "Neftçi" İSM kollektivini 2:0 məğlub edərək Azərbaycan futbolunun elitasına yolunu 1 addım da, yaxınlaşdırdı. İndi "Abşeron"u Azərbaycan Premyer Liqasından cəmi 1 xal ayırır. Komanda artıq növbəti turda güclülər liqasına çıxışını bayram edə bilər. Son turdakı oyuna gəldikdə, bazar günü "Şəfa" stadionuna toplaşan "Abşeron"un çoxsaylı azarkeşləri sevimli komandalarının ifasında həqiqətən də, gözəl oyunun şahidi oldular. Fanatlar da, öz növbəsində borclu qalmadılar. Bütün 90 dəqiqə dayanmadan komandaya dəstək olan fanatlar "Abşeron"un prinsipial rəqib üzərində mühim qələbəsində dəstəklərini doğma komandadan əsirgəmədilər. Ənənəvi olaraq oyuna hücumlarla başlayan "Abşeron" artıq matçın 2-ci dəqiqəsində künc zərbəsi vurmaq hüququ qazandı. Tədricən təzyiqi artıran lider 14-cü dəqiqədə gözlənilmədən təhlükəylə üzləşdi. Topu cərimə meydançasının qarşısından uzaqlaşdırmaq istəyən müdafiəçilərin zərbəsindən sonra top rəqibdən kiməsə dəyib hücumçu Fuad Əliyevin qarşısına düşdü. Sonuncu qapıçı A.Popoviçlə "randevu" ya çıxmağa hazırlaşarkən Natiq Kərimi yavaşca onun köynəyini dartdı. Bu isə oyunu idarə edən Əfqan Həmzəyevə kifayət etdi ki, qayda pozuntusunu "sonuncu ümid folu" kimi dəyərləndirib "Abşeron"un futbolçusuna qırmızı vərəqə göstərib, meydandan kənarlaşdırsın. Bu hadisədən sonra "Abşeron"un düşərgəsində bir qədər çaşqınlıq yaransa da, qapıçı A.Popoviçin inamlı oyunu hər şeyi yerinə qoydu. Kubok uğrunda "İnter"lə oyunda olduğu kimi azlıqda qalmasına baxmayaraq "Abşeron" möhtəşəm oyunuyla azarkeşlərinə əsl futbol tamaşası bəxş etdi. Matçın 23-cü dəqiqəsindən üstünlüyü tam əlinə alan "Abşeron" matçın sonunadək rəqibə göz açmağa imkan vermədi. Baş məşqçı Mirbağır İsayevin uğurlu əvəzetmələri və taktiki gedişləri "Neftçi" İSM-i say üstünlüyünü ümumiyyətlə heçə endirdi. Mirbağır İsayev Rəhman Musayev və İsmayıl Məmmədovu meydana buraxmaqla oyunun gedişini tamamilə dəyişdi. Məhz adı çəkilən bu 2 futbolçu və cinahdan onlara dəstək verən Fərrux Rəhimov matçın qəhrəmanlarına çevrildilər. Bu "üçlüyün" ifasında sürətli oyun rəqibi tez-tez qayda pozuntusuna əl atmağa məcbur edirdi. Nəhayət 64-cü dəqiqədə hakim Əfqan Həmzəyev qonaqların növbəti kobud oyununu 2-ci sarı vərəqəylə cəzalandıraraq heyətlərdə tarazlığı bərpa etdi. Lakin bu vaxta qədər 50 dəqiqə azlıqda qalan "Abşeron" artıq hesabı açmışdı. 62-ci dəqiqədə İsmayıl Məmmədov- Fərrux Rəhimov- Rəhman Musayev üçgedişli kombinasiyası müvəffəqiyyətlə başa çatdı. İsmayıl mərkəzdən Fərruxun sol cinahda sıçrayışını görüb topu ona ötürdü. O da, öz növbəsində sürətlə müdafiəçini keçib, cərimə meydançasında əlverişli mövqedə dayanan Rəhman Musayevə ötürdü. Sonuncu isə vəziyyəti düzgün dəyərləndirib topu sağ küncə göndərdi-1:0.

İkinci qol da, birinci kimi sürətli hücum nəticəsində baş verdi. Bu qolu tam olaraq İsmayıl Məmmədovun aktivinə yazmaq olar. Rəqibin cərimə meydançasında sonadək mübarizə aparan İsmayıl topu ondan alıb, yenə də, müdafiəçilərdən yayınan Rəhmana verdi. Rəhman da, əvvəlki qol epizodunda olduğu kimi soyuqqanlıqla topu tora göndərdi-2:0. Matç bu hesabla da, başa çatdı.

Hakim final fiti "Abşeron"un çempionatdakı 18-ci qələbəsinin rəsmiliyini təsdiqlədi.

Matçdan sonra baş məşqçi Mirbağır İsayev sualları qısa cavablandıraraq komandanın oyunundan razı qaldığını bildirdi. Hakimin idarəçiliyilə bağlı isə baş məşqçi bunları söylədi. "Çətin qarşılaşma olduğu üçün Əfqan Həmzəyevə heç bir irad bildirmirəm".

Beləliklə "Neftçi" İSM üzərində 2:0 hesabı ilə qələbə qazanan "Abşeron" 20 oyundan sonra 56 xalla 1-ci Divizionda liderliyini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə