Milli Belçikaya uduzandan sonra coşan \"Qurbanov, kömək
et\" haraylarının üstündən su içməyə macal tapmamış \"Neftçi\" Arif
Əsədovun məşqçiliyi ilə göstərdi ki, \"Qarabağ\" buraların
\"barselonası\" deyil. Doğrudanmı Əsədov Qurbanovdan daha güclüdü? -
Sualdan sual doğur: görəsən, Qurbanovun komandası həqiqətənmi 2 cavabsız qolla
təslim olacaq qədər zəif idi rəqib qarşısında? Fikirləşək bir az...
Oyunda \"Qarabağ\"ın taktiki və fiziki hazırlıq
sarıdan rəqibə aşkar uduzduğunu gördüm. Sonra da nəsə deyim? Nə qaldı ki...
Futbol elə taktika və fizikadan ibarətdi. Qalan
texnika-mexnika fərdi məsələlərdi.
Son 9 oyunda rəqibləri qabağına qatıb hamısını məğlub edən,
lakin \"Neftçi\"ylə oyunda bütün cəhətlərdə yarımçıq
\"Qarabağ\" gördüm. Əgər bu millini xilas edəcəyini düşündüyümüz
Qurbanovun komandasıdısa, onda mən gənc məşqçimizə daha bir gənc ömrü boyda
təcrübə arzulayıram. Bir az açıq danışsam, yəni həmişəki fikrim: Qurbanov özünü
tam sübut etməyib. Onu etalonlaşdıran həmkarlarımı və başqalarını anlamaqda
çətinlik çəkirəm.
Yazını oxuyanların narazı və tərəddüd halını almış
simalarını hiss edirəm. Mənim həmişə hadisənin episentrində ona qiymət vermək
həvəsim başıma bəla olsa da, məqam yetişəndə o \"bəla\"dan
\"b\" silinir, olur əla. Bircə misal: Vaqif Cavadov \"Tvente\"yə xonçayla yola salınanda
yazdım ki, bu yanlış addımdı, Cavadovun
çöküşünə səbəb olacaq. Bəli, gördüyümüz kimi, mən yanıldım, Cavadov
oradan \"Ayaks\"a getdi. Gələcəyinə yekə ümid var...
Cavadovu tənqid etdiyimə görə mənə qarğış edənlər,
lənətləyənlər, üstümə yaba qaldıran həmkarcıqlar... Hardadılar? Gəlin Cavadovun
halına birlikdə acıyaq; qızlar boool, siqaret \"cool\"...
Bir şəxsin şəxsi keyfiyyətlərini biləndə haqqında yazmaq
daha asan olur. Qurbanov isə mənimçün \"köhnə tanış\" olsa da, hələ də
qapanıq biridi. Dəfələrlə ünsiyyətdə olsaq da, müxtəlif məclislər-filan;
\"ütüsü\" pozulmayıb. Qapanıq, ağırtəbiətli və s.
Ancaq yuxarıda, \"Doğrudanmı Əsədov Qurbanovdan daha
güclüdü?\" sualı qoymuşam. Cavab tapmağa məcbur eləmirəm, ancaq bəzi
parallelər maraqlıdı. Qurbanov da \"Neftçi\"də baş məşqçiliyə başladı
və mənə indiki Əsədovu xatırladır. Qətiyyətini həmişə ehtiyyatda saxlayan,
iradəsini tam ortaya qoymağa çəkinən və s. bəzi natamam komplekslər. Qurbanov
Əsədovu sadəcə zamanla qabaqlayır. O, avrokuboklar üzü görüb və uğur sahibidi.
Əsədov isə açılmayan kart kimi, gah təəccübləndirir, gah da
\"təəccübləndirir\"... Birincinin ikinciyə nisbətən zaman üstünlüyü,
məncə, özünü yalnız yaxşı komanda formalaşdırmaqda göstərib. Əsədov isə bunu
əla bacarmır...
Azərbaycanda bu vacib amildi. Sən yaxşı məşqçi olmazdan
əvvəl gərək yaxşı komanda yarada biləsən. Çünki \"torba\" məsələsi daim
aktualdı. Əsədovun bəxti onda gətirib ki, klubun prezidenti Sadıq Sadıqovdu -
bütün komandaya sevdirə bilib özünü. Onun xatirinə kənara addım atılmaz heç
zaman...
İstəmədən Qurbanov-Əsədov mücadiləsi konteksti yarandı
yazıda. Mənsə zamanla formalaşmış Qurbanov etalonuna qarşılıq dünənki oyunun fonunda gördüyüm
çatışmazlıqları sizə çatdırmaq istəyirdim. Əslində, istədiklərimi yazmışam...
\"Qarabağ\"ın dünənki oyunda ilk qoldan sonra rəqibə
üstünlük yarada bilməyəcəyini görüb tam gücünü ortaya qoymadığını hiss etdim.
Məqsəd \"Xəzər Lənkəran\"la oyuna daha böyük güclə çıxmaq idisə, yaxşı
taktikadı. Onsuz \"Neftçi\"nin çempionluq iddiasına şərik çıxa bilməyəcəyini
anlayan komanda ipi əldən buraxır, ikinci yer uğrunda döyüşə bel bağlayır.
Ancaq xoşagəlməz hal odu ki, komandanın öz içindən \"qəsdən
oynamadılar\" soraqlarını eşidirik.
Əgər doğrudan da belədisə... onda Qurbanova kömək edin!
Elçin Cəlilov
futbolpress.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB