Rüstəm Orucov: "Boks və güləş komandamızdan qızıl medallar gözləyirəm" AÇIQLAMA

Rüstəm Orucov: "Boks və güləş komandamızdan qızıl medallar gözləyirəm" AÇIQLAMA

"Təbii ki, qızıl qazanmaq istəyirdim. Amma gümüşə də razı idim. Çünki, bu, "Rio-2016"da ilk medalımız idi. Ümid edirəm, bunun ardını digər idmançılarımız gətirəcək". SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında "Rio-2016"da ilk medalımızın sahibi Rüstəm Orucov deyib.

Final görüşü haqda danışan cüdoçumuz qızıl medal əldə etmək üçün əlindən gələni etdiyini bildirib: "Tatamiyə çıxanda qızıl barədə düşünürdüm. Fikirləşirdim, məğlub olsam da, sonadək vuruşacağam. Rəqibim çox güclü idi. Xüsusilə, fiziki cəhətdən məni qabaqlayırdı. Məhz bu məqam həlledici oldu".

İdmançımız olimpiadada medal qazandığına görə sevindiyini bildirib: "Fərqi yoxdur, birinci medalı qazanırsan, yoxsa ikinci. Əsas odur, olimpiadada fəxri kürsüyə qalxasan. İnanıram ki, bundan sonra da təmsilçilərimiz aktivimizə medallar yazdıracaqlar. Boks və güləş komandamızdan qızıl medallar gözləyirəm. Cüdoçumuz Elmar Qasımovun da uğurlu çıxışına inanıram. İlk rəqibi çox güclüdür. Onu keçə bilsə, finaladək irəliləyəcək".

Cüdoçumuz ona təqdim olunacaq mükafatla ev alacağını qeyd edib: "Sentyabrda ata olacağam. Evə ehtiyacım var. Mükafatla ev alacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə