İlham Mədətov: "Rio-2016"da nöqsanlar, çatışmazlıqlar mövcuddur" AÇIQLAMA - SƏSTV

İlham Mədətov: "Rio-2016"da nöqsanlar, çatışmazlıqlar mövcuddur" AÇIQLAMA - SƏSTV

"Rio-2016" Yay Olimpiya Oyunlarında binalar, həyətlər, maşınların saxlanma, yemək verilmə, qeydiyyat yerləri görüşnüşcə hazır görünsə də, xeyli problemlər var. Bu gün də o problemlərin bir hissəsi qalmaqdadır". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbətində deyib.

O qeyd edib ki, "Rio-2016"da tikintilər və qurğular hazır vəziyyətdə olsa da, yaşayış binalarında, idman obyektlərində nöqsanlar, çatışmazlıqlar mövcuddur: "Biz hər gün təşkilat komitəsinin nümayəndələrinin iştirakı ilə o nöqsanları aradan qaldırırıq, idmançılarımız və məşqçilərimiz üçün maksimal olaraq rahat şərait yaratmağa çalışırıq. Sanitar qurğular, su, işıq, qaz, isti suyun verilməsində böyük problemlər var idi. Bunlar yavaş-yavaş həll olunur. İlk komandamızın gəlişindən 3-4 gün öncə Rioda idim. Onlar gələnədək 3-4 otağı çox böyük çətinliklə hazırladıq. Bu gün isə bütövlükdə komandamızın hamısını rahat yerləşdirmişik".

İ.Mədətov bildirib ki, idmançılarımızın əhval-ruhiyyəsi yüksəkdir: "Cüdoçularımız Rüstəm Orucov və Orxan Səfərov yüksək əhval-ruhiyyə ilə mübarizə apardılar. Bu da digər idmançılarımıza yaxşı təsir edir. Onlar maksimum mübarizə aparacaqlar".

Azərbaycan nümayəndə heyətinin rəhbəri idmançılarımızın yeni idman növlərində çıxışlarından da danışıb: "Yeni idman növlərindən hələ ki, böyük nəticə gözləmirik. Onların qarşısına medal qazanmaq vəzifəsi qoymamışıq. Ancaq yaxşı çıxış etmələrini istəyirik".

O, idmançılar və məşqçilərimiz üçün Rio-de-Janeyroya gəzintilər təşkil edildiyini qeyd edib: "Artıq idmançılarımızın bir qrupu şəhərdə olublar. Onlar Rionun görməli yerlərini gəziblər. Tam təhlükəsizliyə əməl etməklə, idmançılarımızın daha çox informasiya almasına şərait yaratmışıq. Sərbəst vaxtı olan idmançı və məşqçilərimiz üçün də belə şərait yaradacağıq".

İ.Mədətov Rioda verilən yeməklər haqqında da fikirlərini bildirib: "Yağlı yeməklər yoxdur. İki-üç gündən sonra insan o yeməklərdən yorulur. Amma idmançılarımız şikayət etmirlər. Onlara çəki ilə bağlı belə yeməklər uyğundur. Ehtiyatı saxlamaqla, birlikdə şəhərə çıxıb başqa yerdə yemək də olar".

Azərbaycan nümayəndə heyətinin rəhbəri komandamızın təhlüksizlik qaydalarına tam əməl etdiyini vurğulayıb: "Biz oyunlardan öncə 3 dildə kitabça hazırlamışıq. Riodakı vəziyyəti nümayəndə heyətinin üzvlərinə izah etməyə çalışmışıq. Onlarla söhbətlər də aparırıq və heç bir halda heç kimin şəhərə tək, nəzarətsiz getməyinə icazə vermirik. İmkanların məhdud olmasına baxmayaraq, bizə ayrılan 1-2 maşının gücünü sərf edirik ki, idmançılarımız könüllüllərlə təhlükəsiz şəkildə müəyyən yerlərə gedib-qayıtsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə