“Yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirik”

“Yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirik”

"İnter"in yarımmüdafiəçisi Pərdis Fərcad-Azad Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Gözlədiyimiz kimi, çətin oyun oldu. Amma sonadək, kişi kimi mübarizə apardıq. Fikrimcə, bu mübarizədən şərəflə ayrıldıq. Komandamızı belə oyun münasibətilə təbrik edirəm.

- Son çempiona qalib gələcəyinizi gözləyirdiniz?
- Bu komandanın nəyə qadir olduğu hər kəsə yaxşı bəllidir. Şübhəsiz ki, onlar bu görüşün favoriti idilər. Amma bu, bizə qələbə qazanmaq üçün problem yaratmadı.

- Yəqin ki, bundan yaxşı başlanğıc ola bilməzdi...
- Doğrudan da elədir. Amma bu qələbəni böyük sensasiya hesab etmirəm. Güclü komandamız var. Bu tempdə də davam etmək istəyirik.

- Ağdamlılara nəyin sayəsində qalib gəldiniz?
- Yaxşı futbolun. Hər şeyi düzgün etdik. Gücümüzü göstərdik. Əsas da budur.

- Siz meydana ikinci hissədə çıxdınız, komandanız da qolları ondan sonra vurdu...
- Şadam ki, bu qələbədə payım oldu. Qələbə qolunu da mənə qarşı qayda pozuntusuna görə təyin olunmuş cərimə zərbəsindən sonra vurduq. Bu da sevindiricidir.

- Bu, baş məşqçinin sizə gələcək oyunlarda daha çox güvənməsinə kömək edə bilər?
- Baş məşqçi nə qərar verəcək, görəcəyik. Komandama kömək etmək istəyirəm.

- Qarşıda "Qəbələ" ilə oyun var...
- Avroliada iştirak edən daha bir klubla qarşılaşacağıq. İndi əhvalımız daha da yaxşıdır. Yaxşı oyun göstərmək və nəticə qazanmaq istəyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə