Pivəçi Berti Foqts və onun satqın futbolçuları...

Pivəçi Berti Foqts və onun satqın futbolçuları...
Haram olsun sizə bu xalqın, bu dövlətin çörəyi, haram olsun sizə bu dövlətin vətəndaşının boğazından kəsib verdiyi pullar, mükafatlar. Adi bir \"Zaparojes\"ə layiq olmadığınız halda bu xalqın pulunun hesabına aldığınız ən son \"Ranc Rovers\"lər, \"Mersedes\"lər, gecə səhərə qədər kef çəkdiyiniz bar-restoranlar min dəfə haramınız olsun nankor futbolçular!

Neçə illərdir ki, siz bu xalqın əsəblərini tarıma çəkmisiniz. Hər oyuna çıxanda azından 4-5 milyon azərbaycanlı sizə görə stress keçirir, şəkər xəstəliyinə tutulur, xəcalət təri axıdır, siz isə Berti Foqts kimi bir pivəçinin əli ilə öz xalqınızın və dövlətinizin başını aşağı edirsiniz. Bakıda Türkiyə yığmasına qarşı erməni ilə üz-üzə gəlirmiş kimi düşməncəsinə mübarizə apardınız. Bəs niyə həmin \"qəhrəmanlığı\" Belçikada göstərə bilmədiniz? Çünki Türkiyəni məğlub etmək üçün, sizi millinin heyətində \"bəh-bəh\"lə saxlayan alman B.Foqtsdan təlim və bir az da yaxşı \"ənam\" almışdınız, ona görə. Belçikanı udmaq üçün isə heç nə yox, bir az qeyrət, bir az da var gücünü ortaya qoymaq lazım idi ki, o da millimiz üçün böyük \"problemdir\"...

Siz nəinki palçıq və zibillik içində olan Azərbaycan stadionlarında, həttda ən geridə qalan banan ölkələrində belə futbol oynamağa layiq deyilsiniz. Sizi ağlı başında olan və azacıq da olsa belə futboldan başı çıxan heç bir məşqçi nəinki bir məhəllə komandasına futbolçu, heç top daşıyan da qoymaz. Niyə?,-çünki siz heç ona da layiq ola biləcək səviyyədə deyilsiniz. Siz öz \"dayılarınızın\", \"əmilərinizin\" hesabına palçıqlı stadionlarda da olsa \"top qovursunuz\". Kimsiniz a kişi siz, futbol adına bu ölkədə nə uğurunuz var məğlubiyyətlərdən savayı? Heç bir Avropa klubu sizi qapısından içəri buraxmaz. Necə ki buraxmadı da. Ora gedəniniz də bir-iki novruz da olsun qala bilmədiniz oralarda. İnciməyin, \"iti qovan kimi\" qovdular sizi. Niyə?,-çünki sizi ora aparan məşqçi sizin hesabınıza bir-iki manat qazanıb cibinə qoydu, məqsədinə də çatdı.Növbə sizə çatanda isə.. elə ayağınızı topa toxunduranda baxdılar ki, sizi heç Avropa stadionlarının qırağında topdaşıyan da saxlamaq olmaz. Yenə qayıtdınız Avrokuboklarda bir mərhələ o tərəfə keçməyən, \"dayılarınızın\" və \"əmilərinizin\" milyonlarla dollar çirkli pullar \"yudurduğları\" Bakı klublarına...

Berti Foqts, halal olsun sənə! Neçə ildir bu ölkənin komandasını olmazın pis gününə qoymusan, yenə də gülürsən. Baş məşqçi kimi aldığın yüz min dollarlarla pulları aparıb qoyursan alman banklarına, Bavariyada pivə içib azərbaycanlı futbol azarkeşlərini ələ salırsan. Kef elə! Dövr sənindir. Sənin kimi məşqçilər Almaniya küçələrində ac-yalavac dolaşıb pivə içməyə pul tapmır, sənsə ələ saldığın bu ölkədə, camaat sözü olmasın, \"paçka-paçka\" dollarları cibişdanına doldurursan. Sözsüz ki, səni bu məqama gətirənlərin \"haqqını\" ödəmək şərti ilə!

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com