Mirkamil Rəhimov: “Yarışlarda daha çox medal qazanmaqdansa, yüksək əyarlı medal qazanmaq daha önəmlidir”

Mirkamil Rəhimov: “Yarışlarda daha çox medal qazanmaqdansa, yüksək əyarlı medal qazanmaq daha önəmlidir”

"London demək olar ki, Olimpiya oyunlarına hazırdır". Siasport.az saytı xəbər verir ki, bu sözləri bir neçə gün bundan öncə London şəhərində 2012-ci ildə keçiriləcək XXX Yay Olimpiya oyunlarına həsr olunmuş konfransdan vətənə qayıdan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov deyib.

M.Rəhimov qeyd edib ki, keçirilən konfransın əsas məqsədi olimpiya oyunlarına təşrif buyuracaq qonaqların təhlükəsizliyinin təmin edilməsi, qonaqların qarşılanması və yerləşdirilməsi, tibbi ləvazimatların, viza məsələlərinin təmin edilməsi və digər mühüm mövzuların müzakirəsi idi.

Mərkəzdən kənarda tikilən "Olimpiya parkı"nda işlərin tam sürətlə getdiyini bildirən şöbə rəisi təhlükəsizlik məsələlərinin hərbiləşdirilmiş təşkilatlara tapşırıldığını qeyd edib. Demək olar ki, 200-dən artıq ölkənin nümayəndələrinin qatılacağı olimpiadaya hazırlıq məqsədi ilə, bir çox ölkələrin Londonda yerləşən səfirləri də konfransda iştirak üçün dəvət olunub.

"Mən Azərbaycan nümayəndə heyətinin yerləşəcəyi məkana tam daxil ola bilməsəm də, qalacağımız binaları gördüm. Artıq voleybol meydançası, stadion hazır vəziyyətə gətirilib", deyə M.Rəhimov əlavə edib.

Hansı idman növlərinin Azərbaycanı ilk dəfə olimpiadada təmsil edəcəyi ilə bağlı suala isə Mirkamil Rəhimov açıq suda üzgüçülük və avarçəkmə idman növlərinin adını açıqlamaqla cavab verib. Şöbə müdiri eyni zamanda London Olimpiya Oyunlarında lisenziyaların da sayının çox olacağına inandığını bildirib: "Yarışlarda daha çox medal qazanmaqdansa, yüksək əyarlı medal qazanmaq daha önəmlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə