"Rio-2016"da avarçəkənlərimizin rəqibləri məlum olub

"Rio-2016"da avarçəkənlərimizin rəqibləri məlum olub

XXXI Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışının püşkü atılıb. İdmanın bu növü üzrə yarışlarda Azərbaycanı təmsil edəcək Aleksandr Aleksandrov - Boris Yotov duetinin rəqibləri müəyyənləşib. SİA-nın məlumatına görə, ikinəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq duet avqustun 6-da Bakı vaxtı ilə saat 18:30-da start xəttinə çıxacaq. Onlar ikinci yürüş zolağında yer alacaqlar. Rəqiblər isə Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba), Robert Menson - Kristofer Harris (Yeni Zelandiya), Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) və Françesko Fossi - Romano Battisti (İtaliya) cütlükləri olacaq. Bu, seçmə mərhələdə ən çox avarçəkənin çıxış edəcəyi yürüş olacaq. Digər iki yürüşün hər birinə 4 duet qatılacaq.

Reqlamentə əsasən, seçmə yürüşlərin yekununda ilk üçlüyə düşənlər birbaşa yarımfinala yüksələcəklər. Qalan pillələrin sahibləri isə yarımfinala təşəlliverici yürüş vasitəsilə vəsiqə qazanmağa çalışacaqlar.

Aleksandr Aleksandrov - Boris Yotov dueti Olimpiadada ilk dəfə eyni qayıqda çıxış edəcək. Amma A.Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında birnəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşün finalında mübarizə apararaq beşinci yeri tutub. B.Yotov isə yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.

Qeyd edək ki, Rio Olimpiadasının avarçəkmə yarışları avqustun 6-dan 10-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə