Əfran İsmayılov: \"Komandamızın yanğısını bilirəm\"

Əfran İsmayılov: \"Komandamızın yanğısını bilirəm\"
Bazar günü Premyer Liqada ilk iki pillənin sahibi olmala yanaşı, Azərbaycan futbolunun ən köklü 2 klubu qarşılaşacaq. Siasport.az saytı xəbər verir ki, Son zamanlar əla sürət yığan \"Qarabağ\" \"Neftçi\"nin qonağı olacaq. Ağdam təmsilçisi bakılılara qarşı milli oyunlar səbəbindən tam heyətlə çalışa bilməsə də, komanda əzmlə final mərhələsinin 3-cü turuna hazırlaşır. Yaranmış fasilə zamanı \"Simurq\"la baş tutan yoxlama oyununda komandada ən yaxşılardan biri Əfran İsmayılov idi. Zaqatalıların qapısına möhtəşəm qol vuran 22 yaşlı yarımmüdafiəçi \"Neftçi\"ylə oyun haqqında klubun rəsmi saytına danışıb: \"\"Neftçi\"ylə oyuna digər komandalara qarşı olduğu kimi yanaşırıq. Düzdür, tam heyətlə məşq edə bilmirik, amma demək olar ki, belə vəziyyətə alışmışıq. \"Neftçi\" cari mövsüm olduqca uğurlu çıxış edir. Çətin oyun olacaq\".

Əfran cari birinciliyin ilk oyununda \"Neftçi\"ylə matçda zədələnərək sıradan çıxmışdı: \"Artıq bu hadisəni unutmuşam. Zədə futbolun ayrılmaz hissəsidir. Belə baxanda zədələndiyim epizodda \"Neftçi\"nin oyunçusunun günahı yox idi. Artıq bazar günü baş tutacaq qarşılaşmanı fikirləşirəm\".

Əfran \"Qarabağ\"ın 9 oyunluq qələbə seriyası haqqında isə belə deyib: \"Artıq təsnifat mərhələsini unutmuşuq. Final mərhələsinin ilk 2 turunda qələbə qazanmağımızı daha çox qiymətləndirirəm. Bu bir psixoloji üstünlükdür. \"Neftçi\"nin də oyuna qələbə üçün çıxacağını fikirləşirəm. Amma bizim daha istəkli olduğumuzu düşünürəm. Çünki, biz çempionluğu daha çox istəyirik. Hər halda mən öz komandamızın yanğısını bilirəm. Amma \"Neftçi\"ylə oyun heç də həlledici deyil. Qələbə qazanmasaq dünyanın sonu olmayacaq\".

Premyer Liqada cari mövsüm 1 dəfə fərqlənən Əfran bakılılarla oyunda qol vurmaq barəsində də açıqlama verib: \"Təbii ki, qol vurmaq istərdim. Amma komandamın qələbəsinə üstünlük verirəm. Kimin qol vurmasından asılı olmayaraq qələbə mənim qol vurmağımdan daha vacibdir. \"Neftçi\" ilə oyun elə olacaq ki, bir qol həlledici ola bilər. \"Neftçi\" lider olaraq hücuma üstünlük verəcək, qələbə qazanmağa çalışacaq. Ona görə yüksək zövqlü oyun olacaq\".

Əfran prinsipial oyun öncəsi azarkeşlərə də səslənib: \"Azarkeşlərimiz hər yerdə bizə dəstək verir. Amma istəyirəm ki, stadiona da gəlib bizi dəstəkləsinlər. Oyunumuza nə qədər çox azarkeş gəlsə bir o qədər yaxşı oynayacağıq. Ona görə də bütün \"Qarabağ\" azarkeşlərini bazar günü Respublika stadionuna çağırıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com