“Qəbələ” Soçi turnirində 11-ci oldu

“Qəbələ” Soçi turnirində 11-ci oldu

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Rusiyanın Soçi şəhərində keçirilən tanınmış futbolçu və məşqçi Bubukinin xatirəsinə həsr olunmuş turnirə yekun vurub. Siasport.az saytı xəbər verir ki, A qrupunda yer alan təmsilçimiz bu mərhələdə "Torpedo" Vladimir (Rusiya), UGİM Vladivastok (Rusiya) və "Yunost" Vladiqafqaz (Rusiya) komandaları ilə mübarizə aparıb. İlk matçda "Torpedo" ilə üzləşən "Qəbələ" 0:1 hesabı ilə məğlub olub. Məğlubiyyətdə Vəzir Musayevin qırmızı vərəqə alması böyük rol oynayıb. Növbəti görüşdə UGİM Vladivastokla münasibətlərinə aydınlıq gətirən "Qəbələ" meydançanı 2:0-lıq qalibiyyətlə tərk edib. Rəqibin qapısından topları Ehtiram Şahverdiyev və Həsi Hümbətli keçirib. Medallar uğrunda mübarizə baxımından önəm daşıyan matçda "Qəbələ" hər iki görüşdə qələbə qazanmış "Yunost" ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən oyunda həmyerlilərimiz yüksək əzmkarlıq nümayiş etdirsələr də məğlubiyyətdən yaxa qurtara bilməyiblər-3-4. Təmsilçimizin heyətində Ehtiram Şahverdiyev, Yusif Dilanov və Qismət Alıyev fərqlənib. Bununla da qrupda 3-cü yeri tutan komanda 9-12-ci yerlər uğrunda mübarizəyə qoşulub. İlk görüşdə Çeçenistan "Pobeda"sı ilə qarşılaşan həmyerlilərimiz matçsonrası penaltilərdə məğlub olublar-0:2. Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Qol Yusif Dilanovun aktivinə yazılıb. "Qəbələ" turnirdə son matçında "Zvezda" Znamensk (Rusiya) ilə üz-üzə gəlib. Ehtiram Şahverdiyevin dublu komandamızın qələbəsini təmin edib və qarşılaşma 2:1 hesabilə yekunlaşıb. Bu qələbədən sonra "Qəbələ" turnirdə özünə 11-ci yeri təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə