Fikrət Sideyifzadə: "Şahmatçılarımız olimpiadaya çox ciddi hazırlaşırlar" AÇIQLAMA

Fikrət Sideyifzadə: "Şahmatçılarımız olimpiadaya çox ciddi hazırlaşırlar" AÇIQLAMA

Bakı Şahmat Olimpiadasında iştirak edəcək qadın şahmatçılardan ibarət Azərbaycanın birinci və ikinci komandası Qəbələdə təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, şahmatçılarımız məşqçilər Fikrət Sideyifzadə, Konstantin Landa, Anar Allahverdiyev, Sərxan Quliyev və Fərid Abbasovun rəhbərliyi altında hazırlaşırlar.
Məşqçilər Fikrət Sideyifzadə və Sərxan Quliyev hazırlıq haqda Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlama veriblər:

Fikrət Sideyifzadə: "Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi böyük hadisədir. Olimpiadada 180-ə yaxın ölkə iştirak edəcək. Bu isə o deməkdir ki, Bakıda dünyanın istənilən nöqtəsindən komandalar mübarizə aparacaq. Meydan sahibi kimi yaxşı nəticə göstərməyə çalışacağıq. Bu günlərdə Qəbələdə ikinci təlim-məşq toplanışında iştirak edirik. Şahmatçılarımız olimpiadaya çox ciddi hazırlaşırlar. Məşqlər gün ərzində 6-7 saat təşkil edir. Qadın şahmatçıların səylə hazırlaşmasından razıyam. Əsas diqqət debüt açılışına, partiyanın sonluğuna yönəlir. İnanıram ki, komandamız olimpiadada yaxşı çıxış etməklə layiqli yerini tutacaq".

Sərxan Quliyev: "Bu, komandanın ikinci hazırlığıdır. Şahmatçılar böyük həvəslə məşq edirlər. Onlar məsuliyyəti başa düşürlər. Məşqlər zamanı debütlə yanaşı, rəqiblərin oyununu da müzakirə edirik. Olimpiadada qadın komandaların arasında ciddi rəqabət olacaq. Buna görə də rəqiblərin oyunları mütləq təhlil olunmalıdır. Olimpiadaya qədər daha iki toplanış planlaşdırılır. Əvvəlcə Gürcüstan yığması ilə yoldaşlıq görüşündə iştirak edəcəyik. Son hazırlıq isə avqustun 19-da başlayacaq. İnanıram ki, qadın şahmatçılarımız olimpiadaya tam hazır olacaq".

Qeyd edək ki, ikinci hazırlıq mərhələsi avqustun 5-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə