Bülənt Ündər “Qalatasaray”ın baş məşqçisi oldu

Bülənt Ündər “Qalatasaray”ın baş məşqçisi oldu

Nəhayət dünən İstanbulun "Qalatasaray" futbol klubu rumıniyalı futbol mütəxəssisi Georgi Hacı ilə yollarını rəsmi olaraq ayırdı. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun prezidenti Adnan Polat dünən axşam saatlarında öz ölkəsindən yenicə qayıdan G.Hacı ilə görüşərək, gələn mövsümdən onunla çalışmaq istəmədiklərini bildirib, eyni zamanda ona mövsümün sonuna qədər klubun başında qalmasını da təklif edib. Gələn il üçün "Qalatasaray"ın planlarında adının olmamasını eşidən G.Hacı isə təşəkkür edərək dərhal baş məşqçilikdən ayrılmaq istədiyini klub prezidentinin diqqətinə çatdırıb. Klubun rəsmi internet saytı da bu xəbəri təsdiq edərək yazır ki, A.Polat, G.Hacıya İstanbul klubundakı fəaliyyətinə görə minnətdarlıq edib və əlavə edib ki, onunla nə vaxtsa yollarının kəsişəcəyi də gözləniləndir. Bu arada isə İstanbul klubunu mövsümün sonuna qədər çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib. Bu, bir vaxtlar baş məşqçinin köməkçisi olaraq Fateh Terimlə birlikdə "Qalatasaray"ın UEFA Kubokunu qazanmasında iştirak etmiş Bülənt Ündərdir. Artıq təcrübəli mütəxəssislə mövsümün sonuna qədər müqavilə də imzalanıb. Onun köməkçiləri isə Tuqay Kərimoğlu və Nezih Boloğlu olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə