Rio Olimpiadası İTV-də canlı yayımlanacaq

Rio Olimpiadası İTV-də canlı yayımlanacaq

Bu gün Milli Olimpiya Komitəsində (MOK) Rio-2016 Olimpiya Oyunları ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və qurumun digər rəsmiləri iştirak ediblər.

Ç.Hüseynzadə qeyd edib ki, Azərbaycan olimpiya yığma komandasının əsas heyəti 3 gün sonra Rio-de-Janeyroya yola düşəcək.

O, Rio Olimpiadasının bu il keçirilən ən mühüm tədbirlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, Rio-2016 Yay Olimpiya Oyunlarının bir sıra cəhətləri var: "MOK beynəlxalq olimpiya hərəkatının aktiv üzvü kimi bir sıra işlər görməkdədir. Ən əlamətdar hadisələrdən biri ondan ibarətdir ki, 20 il öncə Şimali Amerika qitəsində keçirilən yay olimpiya oyunları bu gün Cənubi Amerika qitəsində təşkil olunacaq. Rio-2016 Olimpiya Oyunlarının Azərbaycanda yayım hüququ İctimai Televiziyaya məxsusdur. MOK-un təşkilatçılığı ilə isə Olimpiya Oyunlarında idmançılarımızın çıxışı və digər proseslər 7 saatlıq vaxt fərqi nəzərə alınmadan internet üzərindən yayımlanacaq. Buna görə MOK-un bütün internet resursları tam gücü ilə hazırlıq prosesini həyata keçirir".

Konfransda məlumat verilib ki, Beynəlxalq Olimpiya Komitəsinin təklif etdiyi variantların içindən "Rio-2016 Birlikdə güclüyük" devizi ilə təbliğat və təşviqat işləri aparılacaq. Media qurumları oyunların işıqlandırılmasında məlumatı birinci mənbədən əldə etmək üçün MOK-un internet resurslarından istifadə etməlidir. Sosial şəbəkələrdəki paylaşımlarda "Rio-2016 Birlikdə güclüyük" haştanqlardan istifadə olunmalıdır.

Vurğulanıb ki, Beynəlxalq Olimpiya Komitəsinin ilk dəfə Olimpiya kanalı istifadəyə verilib ki, ora yalnız MOK-ların çıxışı var. Olimpiada günlərində MOK-un 4-cü mərtəbəsində yaradılmış studiyada Azərbaycan Dövlət Televiziyasının (AZTV) canlı efiri ilə "Zəfər günləri" adlı tədbirlər keçiriləcək, qələbə qazanan idmançılarımız mükafatlandırılacaq və digər informasiyalar ictimaiyyətə çatdırılacaq.

Əvvəlki oyunlardan fərqli olaraq Rio-ya 10 nəfərə yaxın media nümayəndəsi aparılacaq. Onların vasitəsi ilə yerli jurnalistlər müxtəlif informasiyalar əldə edə biləcəklər.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə