Qara Qarayev: \"Rəşad Sadıqov, Admir Teli kimi yüksək səviyyəli futbolçulardan öyrənməyə çalışıram\"

Qara Qarayev: \"Rəşad Sadıqov, Admir Teli kimi yüksək səviyyəli futbolçulardan öyrənməyə çalışıram\"
\"Maksim zədələnəndən sonra Qurban müəllim mənə şans verməyə başladı. Hələ çempionatın ilk yarısında da eyni vəziyyət yaranmışdı. O zaman da start heyətində meydana çıxırdım\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Qarabağ\" klubunun futbolçusu Qara Qarayev deyib. Onun sözlərinə görə, futbolçu oynadıqca həm praktika artır, həm də özünəinam yüksəlir. Q.Qarayev qeyd edib ki, özünü Maksimin əvəzləyicisi sayır: \"İddialı komandanın geniş heyəti olmalıdır. Zədə, cəza vəziyyətlərinə hazır olmalıyıq. Bizim komandada oynamağa hazır 25-26 futbolçu var. Kimin əsas heyətdə oynamasının heç bir fərqi yoxdur. Kim meydana çıxırsa \"Qarabağ\" üçün oynayır. Düzdür, komandada hamıdan gəncəm. Bəxtim gətirib ki, ətrafımda yüksək səviyyəli futbolçular çoxdur. Müdafiədə Rəşad Sadıqov, Admir Teli kimi yüksək səviyyəli futbolçulardan öyrənməyə çalışıram. Məndən əks cinahda olan Aqollinin hücumlara necə dəstək verməsinə fikir verirəm. Hələ yolun başındayam. Amma heç də özümü təcrübəsiz saymıram\".

Q.Qarayev Premyer Liqanın finalı haqqında da ümidlidir: \"Səkkiz oyundur qələbə qazanmağımız təəccüblü deyil. Payızda komandanın böhrana düşməsinin məlum səbəbləri vardı. Amma zamanla hər şeyin düzələcəyinə inanırdıq. Qarşıda bizi AZAL-la oyun gözləyir. Bu oyuna da eyni məqsədlə çıxacağıq. Rəqibin gücünü bilirik. Son oyunda bizi 2:0 məğlub etmişdilər. Çox çətin oyun olacaq. Son zamanlar müdafiədə inamlı təsir bağışlayırıq. İlk növbədə rəqibə qol vurmağa imkan verməməliyik. Bir qarabağlı olaraq \"Qarabağ\"ın uğur qazanmasına 2 qat sevinirəm. İnşallah, Premyer Liqanı \"Qarabağ\"ımıza layiq yerdə bitirərik\".

Bütün xəbərlər Facebook səhifəmizdə