Mahir Şükürov "Neftçi"də məşqlərə başlayacaq

Mahir Şükürov "Neftçi"də məşqlərə başlayacaq

Azərbaycan yığmamısını çalışdıran Berti Foqtsun "Neftçi"nin baş məşqçisi Arif Əsədovla görüşməsi barədə xəbər vermişdik. Siasport.az saytı xəbər verir ki, həmin görüşdə almaniyalı mütəxəssis bu mövsüm "Neftçi" PFK-nın rəhbərliyinin gördüyü işləri yüksək qiymətləndirmiş, heyətdə yerli futbolçulara üstünlük verilməsini alqışlamışdı. Arif Əsədovla fikir mübadiləsi aparan almaniyalı məşqçi, flaqmanın heyətində yer alan yığma üzvlərinin son durumu ilə bağlı da maraqlanmışdı. Klubun rəsmi saytının yaydığı məlumata görə, AFFA rəhbərliyi və yığmamızın baş məşqçisi ötən gün "Neftçi" rəhbərliyi və Arif Əsədovla bir daha əlaqə qurmağı lazım bilib. Buna səbəb, federasiya rəhbərliyinin və Berti Foqtsun Rusiyanın "Anji" klubunun futbolçusu Mahir Şükürovun "Neftçi"nin düşərgəsində məşq etməsi üçün kluba müraciət etməsi olub. "Neftçi" PFK-nın rəhbərliyi milli komandamızın şərəfini qoruyan Mahir Şükürovun yığmamızın qarşıdakı matçına daha yaxşı hazırlaşması üçün futbolçuya belə bir şərait yaradıb.

Qeyd edək ki, Berti Foqts Mahirin adını Avro-2012-nin seçmə mərhələsi çərçivəsində martın 29-da Belçika millisi ilə səfərdəki rəsmi oyun üçün açıqladığı siyahıya daxil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə