İstanbulun "Qalatasaray" futbol klubunun prezidenti Adnan Polat baş məşqçi Gergi Hagidən bərk narazılıq edir. Siasport.az saytı xəbər verir ki, Türkiyə Superliqası çərçivəsində səfərdə "Ankaragücü" ilə qarşılaşmada 2:1 hesabı ilə irəlidə olan "Qalatasaray" məhz baş məşqçinin səhv yerdəyişmələri ucbatından bir neçə dəqiqədə ard-arda qapısında iki qol görərək meydanı 3:2 hesablı məğlubiyyətlə tərk edib. Stadionun tribunasından qarşılaşmanı izləyən klub prezidenti qəzəbindən çığıraraq etirazını sərt formada dilə gətirib. A.Polat ikinci hissədə İstanbul klubunun 2:1 hesablı qələbə ilə irəlidə olduğu vaxtda rumıniyalı mütəxəssisin xətalı yerdəyişmələr aparmasını məğlubiyyətin əsas səbəbi adlandırıb. O bildirib ki, belə bir rüsvayçılıqdan sonra "Qalatasaray" tərəfdarının kəskin etirazları tam haqlıdır. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, artıq A.Polat da G.Hagi ilə vidalaşmağa çağıran müxalifət qrupunun mövqeyini müdafiə etməyə başlayıb. Belə görünür ki, həttda qarşıdakı şənbə günü "Qalatasaray" öz meydanında əzəli rəqibi "Fənərbaxça"nı məğlub etsə belə, bu nə klub üçün, nə də artıq mövsüm bitər-bitməz istefaya göndəriləcəyi indidən bəlli olan G.Hagi üçün heç nəyi dəyişməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB