Ramin Musayev: "Pul az olanda iş daha yaxşı gedir" AÇIQLAMA

Ramin Musayev: "Pul az olanda iş daha yaxşı gedir" AÇIQLAMA

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev yeni mövsümdən legionerlərə görə ödənilən rüsumun azaldılmasından danışıb. SİA-nın məlumatına görə, o, rüsumun klubların daha səviyyəli futbolçuları transfer etmələri üçün qoyulduğunu bildirib: "Vaxtı ilə legionerlərə görə 20 min manat rüsum ödənilirdi. Bu, klublarımızın səviyyəli futbolçularla güclənməsi üçün idi. Hətta əvvəl qərara alınmışdı ki, öz millisində oynayan futbolçu üzvlük haqqından azad olunsun. Ancaq yeni mövsümdən klublara kömək məqsədilə legionerlərə görə ödənilən rüsum azaldıldı".

R.Musayev legioner limiti haqqında da fikirlərini bildirib: "Əvvəllər 5-10 minə bir avtobus legioner gətirirdilər. Bunun qarşısını almaq üçün hazırkı limit qəbul olunub. Hazırda legioner limitinin dəyişdirilməsi nəzərdə tutulmayıb".

PFL prezidenti gənc futbolçuların onlara ödənilən yüksək məbləğdə pulları səmərəli xərcləməkdiklərini qeyd edib: "Bəzi gənc futbolçular bizim ömrümüz boyu qazanmadığımız pulu 22-23 yaşında qazanırdılar. Düşünürdülər ki, bununla da həyat bitir. Sonra da AFFA-ya gəlib iş istəyirlər. Elə futbolçu var ki, üz-üzə gələndə məndən kömək istəyir. Deyir dolanmaq çətindir. Halbuki vaxtında deyirdik ki, bu pullardan gələcəyinizi qurmaq üçün istifadə edin. Son çempionatda isə məlum oldu ki, pul az olanda iş daha yaxşı gedir. Bu il daha çox yerli futbolçu qazanacağıq. Çünki onlar özlərini göstərməyə məcburdular".

Bütün xəbərlər Facebook səhifəmizdə