İCF prezidenti: “Bir çox dövlət başçıları ilə görüşmüşəm, amma Azərbaycan prezidenti ilə görüş çox fərqli idi”

İCF prezidenti: “Bir çox dövlət başçıları ilə görüşmüşəm, amma Azərbaycan prezidenti ilə görüş çox fərqli idi”

Bu gün Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris Mərkəzində keçirilən beynəlxalq "Prezident Kuboku" turnirinin açılış mərasimindən sonra Beynəlxalq Kanoe Federasiyasının (İCF) prezidenti Xose Perurena Lopes, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Albert Vuds və Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov mətbuat konfransı keçiriblər. Siasport.az saytı xəbər verir ki, AMAF prezidenti E.Zeynalov mətbuata yarış və "Kür" Olimpiya Tədris Mərkəzi barədə məlumat verib.

İCF prezidenti X.Perurena AMAF prezidentinə yarışın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə minnətdarlıq edəndən sonra, ölkə başçısı İlham Əliyevlə görüşündən danışıb. O, Azərbaycan prezidenti ilə çox səmimi və vacib məsələlər barədə danışdıqlarını qeyd edib. "Bir çox dövlət başçıları ilə görüşmüşəm, amma Azərbaycan prezidenti ilə görüş çox fərqli idi. O biri prezidentlərə bu növ barəsində mən məlumat verirdimsə, Azərbaycan prezidenti avarçəkmə növləri haqqında yaxşı bildiyi üçün özü mənə bu haqda danışdı. Ölkə başçısı Azərbaycanda idmanın inkişafı barədə məlumat verdi".

Kayak növü üzrə bir zamanlar Avropa çempionu olmuş İCF prezidenti bu növdə 1968-ci illə indiki vəziyyətin çox fərqli olduğunu qeyd edib: "O vaxt yalnız dövlətin dəstəyi ilə yarışlar keçirmək mümkün idi. Hazırda avarçəkmənin kanoe növü bütün dünyada inkişaf edib. Olimpiyadalarda sprint və slalom növü üzrə 60 medal uğrunda mübarizə gedir. Bu da avarçəkmənin inkişafından xəbər verir".

Daha sonra o, avarçəkmənin 3 növ suda keçirildiyini, Azərbaycanda bu 3 növün də inkişafı üçün yüksək şəraitin olduğunu deyib. İCF prezidenti "Kür" Olimpiya Tədris Mərkəzində beynəlxalq yarışlar keçirilməsi üçün hər bir şəraitin olduğunu vurğulayıb.

X. Perurena qadın kanoeçilərin yarışının Olimpiya Oyunlarına yaxın vaxtlarda salınmasının mümkünsüz olduğunu qeyd edib: "Qadın kanoeçilərin yarışı 12 ildən tez olimpiadaya daxil edilə bilməz. Bu qərar kanoe federasiyası tərəfindən verilir.

ECA prezidenti Albert Vuds da "Kür" Olimpiya Tədris Mərkəzinin dünya miqyasında möhtəşəm bir qurğu olduğunu deyib: "Dünya və Avropa yarışlarının Azərbaycanda keçirlməsi məqsədəuyğundur. AMAF prezideti ilə bunun üzərində işləyirik. Azərbaycandakı iqlimi nəzərə alsaq bütün ölkələrin gəlib burda təlim-məşq toplanışı keçirməsi və hakimlər üçün seminarlar təşkil etmələri mümkündür. Bu məsələ ilə əlaqədar AMAF-ın müraciət etməsi lazımdır". O, avarçəkmə yarışlarında 90 faiz medalları Avropa idmançılarının qazandığını, ancaq bütün dünya idmançılarının bu növə marağını artırmaq istiqamətində işlər gördüklərini vurğulayıb.

AMAF prezidenti Elçin Zeynalov "Kür" Olimpiya Tədris Mərkəzidə xarici ölkələrin idmançılarımım təlimlər keçməsində maraqlı olduqlarını, bunun üçün beynəlxalq federasiyaya müraciət edəcəklərini bildirib. O, Azərbaycanda yaxın vaxtlarda yeni klubların yaradılacağına ümid etdiyini deyib: "İCF prezidenti X.Perurena da ölkə başçısı ilə görüşündə Onunla bu barədə danışıb".

Bütün xəbərlər Facebook səhifəmizdə