Fatih Terim “Qalatasaray”ın Bekenbaueri olacaq?

Fatih Terim “Qalatasaray”ın Bekenbaueri olacaq?

İstanbulun "Qalatasaray" futbol klubunun daxilindəki böhran dərinləşməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, ardıcıl olaraq ugursuz nəticələrin alınması, İstanbul klubunun Türkiyə Kubokundan kənarlaşması və Superliqanın hazırkı lideri olan "Fənərbaxça" ilə xal fərqinin 25-ə yüksəlməsi klubun hazırkı prezidenti Adnan Polatın istefasını və klubda kəskin islahatlara başlanılmasını gündəmə gətirib. Klubun əfsanəvi prezidentlərindən sayılan Selahattin Beyazit, klubun tarixində böyük uğura imza atan, "Qalatasaray"a UEFA Kubokunu və Avropa Superkubokunu qazandıran Fatih Terimin "Qalatasaray"ın prezidenti postuna gətirilməsi barədə təklif irəli sürüb. "İmperator"un klub prezidentliyinə gətirilməsi təklifi artıq A.Polata qarşı olan klubdakı müxalifət qrupu tərəfindən də dəstəklənir. "Bayern Münhen" modeli kimi xarakterizə olunan bu təklif ona əsaslanır ki, vaxtilə İstanbul klubundan da ağır vəziyyətdə olmuş "Bayern Münhen" futbol klubunun prezidenti postuna əfsanəvi Bekenbauer gətirilmiş və bundan sonra alman klub ağır günlərini arxada qoya bilmişdi. Artıq İstanbul klubunun idarə heyətindəki müxalifət qrupu S.Beyazitlə danışıqlar apararaq "imperator"un "Qalatasaray"ın prezidenti postuna gətirilməsi yollarını müzakirə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə