Milli komandamızın heyəti açıqlandı

Milli komandamızın heyəti açıqlandı

Martın 9-da Bakı İdman Sarayında start götürəcək boks üzrə "Böyük İpək Yolu" beynəlxalq turnirində mübarizə aparacaq milli komandamızın heyəti məlum olub. Siasport.az saytı xəbər verir ki, məşqçilər korpusu hər çəkidə 2 idmançıya şans verəcəklər. Bundan başqa, turnirdə gənclərdən ibarət milli komandanın bir sıra aparıcı üzvləri də iştirak edəcək. Millimizin baş məşqçisi Yevgeni Kotovu ən çox qayğılandıran çəki dərəcəsi 60 kq-dır. Bu çəkidə son Azərbaycan çempionatının qalibi olmuş Heybətulla Hacıliyev bu yaxınlarda WSB liqasında "Baku Fires"in heyətində çıxış etdiyindən çox güman ki, o, yarışı buraxacaq. 60 kq-da 2 nömrə hesab olunan Elvin İsayev isə zədəlidir. Hələlik yalnız Ruslan Qasımovun rinqə çıxacağı dəqiqdir, digər boksçunun adını isə məşqçilər son anda açıqlayacaq. Beləliklə milli komandamızın heyəti belədir:

49 kq: Elvin Məmmişzadə, Salman Əlizadə.

52 kq: İlkin Ağayev, Şaban Şahpələngov.

56 kq: Rəhim Nəcəfov, Nihat Seyidov.

60 kq: Ruslan Qasımov.

64 kq: Romal Amanov, Anar Cəfərov.

69 kq: Sadiq Eynullayev, Emil Məhərrəmov.

75 kq: Rahib Bəylərov, Fərid Ağayev.

81 kq: Vətən Hüseynli, Kamran Mehdiyev.

91 kq: Teymur Məmmədov, Sərxan Cabbarov.

91+kq: Fərid Paşayev, Elçin İsmayılov.

Qeyd edək ki, bu yaxınlarda Bolqarıstanda keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanmış Tamerlan Abdullayev (64 kq) xəstələndiyindən rinqə çıxa bilməyəcək.

Artıq "Böyük İpək Yolu" turnirində iştirak eədəcək bütün komandaların adlarına aydınlıq gəlib. Rusiya Bakıya 2 komanda ilə gələcək. Belə ki, əsas komanda ilə yanaşı Dağıstan boksçuları da bu turnirdə güclərini sınayacaqlar. Bundan başqa, Türkiyə, İran, Özbəkistan, Gürcüstan, Qazaxıstan, və Tacikistan idmançıları da şəhərimizin qonaqları olacaqlar. Şimal qonşumuz Rusiya bu dəfə Bakıya güclü heyətlə təşrif buyuracaq. Heyətdə yer alan boksçuların demək olar ki, hamısı dünya və Avropa çempionlarıdır.

"Böyük İpək Yolu" turnirinin final görüşləri martın 13-ü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə