Elnur Əşrəfoğlu: "Rednik kimilər bu münasibətlərə nifaq gətirə bilməz"

Elnur Əşrəfoğlu: "Rednik kimilər bu münasibətlərə nifaq gətirə bilməz"

"Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu klubun rəsmi saytına NBC Bank Azərbaycan kubokunun 1/4 mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyunu ilə bağlı fikirlərini bildirib. Siasport.az saytı onun fikirlərini nzəərinizə çatdırır: "Azarkeşlər super bir qarşılaşmanın şahidi oldular. Çoxdan idi futbolumuzda belə maraqlı, gərgin qarşılaşma izləməmişdik. Fikrimcə, bu cür oyunlar yalnız Azərbaycan futbolunun inkişafına xidmət edir. "Neftçi" rəqibinə öz meydanında məğlub olsa da, bu, hələ son demək deyil. Qarşıda cavab oyunu var və "Neftçi" növbəti mərhələyə çıxmaq üçün bütün var qüvvəsi ilə mübarizə aparacaq. Futbolda bu cür hallara tez-tez rast gəlmək olur. Futbol həvəskarları Avropa kuboku çərçivəsində keçirilən "Spartak" - "Verder", "Milan" - "Deportivo" qarşılaşmalarını yəqin ki, yaxşı xatılayırlar. İlk oyunlarda "Spartak" və "Milan" klubları rəqiblərini 4:1 hesabı ilə məğlub etsələr də, müvafiq olaraq 2:6 və 0:4 hesabları ilə uduzaraq, kubok yarışlarından kənarda qalıblar. İnanıram ki, biz Lənkəranda baş tutacaq cavab oyununda yenə gözəl atmosferin və super matçın şahidi olacağıq".

Elnur Əşrəfoğlu kubokun ilk oyunundan sonra mətbuata açıqlamalar verən "Xəzər Lənkəran" klubunun futbolçularının və baş məşqçisinin ittihamlarına da münasibət bildirib: "Xəzər Lənkəran"lılar iddia edirlər ki, görüşü idarə edən hakimlər "Neftçi"nin tərəfini saxlayıblar. Bu cür fikirlər səsləndirmək gülünc doğurur. Məgər Mirça Rednik və onun futbolçuları bu komandalar arasında 20 gün əvvəl Bakıda keçirilən çempionat oyununu xatırlamırlar? Əgər yadlarına düşmürsə, mən onlara xatırladım. Həmin oyunda Bahodir Nasimova qarşı kobudluqlara hakim iki dəfə göz yumdu və "Xəzər Lənkəran"ın qapısına 100 faizlik penaltiləri vermədi. Daha sonra evində AZAL-ı qəbul edən "Xəzər Lənkəran"ın referinin köməkliyi ilə "təyyarəçilər"ə necə qalib gəldiyini bütün Azərbaycan gördü. Bax, onda Rednik niyə səsini çıxarmırdı? İndi başlayıb düzgünlükdən dəm vurmağa... Rumıniyalı məşqçi oyunboyu emosional hərəkətləri ilə hər iki klubun azarkeşləri arasında iğtişaşların yaranmasına səbəbkar oldu. Məhz onun hakimlərin qərarına hər etirazı azarkeşlər arasında "söyüş deyişməsinə" gətirib çıxarırdı. İki klubun rəhbərliyi arasında gözəl münasibtlər var. Rednik kimilər bu münasibətlərə nifaq gətirə bilməz. "Neftçi" məğlubiyyətləri peşəkar səviyyədə həzm edə bilir və hamı da yaxşı başa düşür ki, ilk görüşdə alınan məğlubiyyət heç də dünyanın sonu demək deyil. Rəqib komandadan Elnur Abdullayev, Kamran Ağayev və yumutrtadan dünən "çık" eləyib çıxan Vobaya isə məsləhət görərdim ki, boş-boş danışmaqdansa, gedib futbollarını oynasınlar. "Neftçi"nin heç kimin köməyinə ehtiyacı yoxdur. Klubumuzda Azərbaycan futbolunun inkişafı naminə görülən işlər göz qabağındadır. "Neftçi" PFK-nın səmimi, qayğıkeş və həyatını idmana həsr edən Sadıq Sadıqov kimi prezidenti var və belə insana yalnız çempionluq yaraşır. İnşallah, bu istəyimiz tezliklə reallaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə