Taekvondoçular İrandan 6 medal gətirirlər

Taekvondoçular İrandan 6 medal gətirirlər

İranın Urmiya şəhərində XXlll "Fəcr" turnirində iştirak edən Azərbaycan taekvondoçuları beynəlxalq yarışı 6 medalla başa vurublar. Siasport.az saytı xəbər verir ki, böyüklərdən ibarət milli komandamızın baş məşqçisi, respublikanın əməkdar məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə 13 nəfərlik heyətlə yarışa yollanan idmançılarımızdan ən yüksək nəticəni gümüş mükafata sahib olan Rövşən Məmmədov (-63 kq) göstərib.

Qalan taekvondoçularımızdan Samir Cavadlı (-58 kq), Ziya Qasımov (-63 kq), Namaz Heydərov (-74 kq), Bayraməli Vəliyev (80 kq) və Ceyhun Həsənli (-87 kq) isə bürünc medal qazanıblar. Beləliklə, taekvondo üzrə gərgin yarışlardan sayılan bu turnirdə 1 gümüş və 5 bürünc mükafat əldə edən idmançılarımız qeyri-rəsmi komanda hesabında 3-cü nəticə göstəriblər. Qeyd edək ki, İranda ənənəvi "Fəcr" turnirində 12 ölkədən 400-dək taekvondoçu iştirak edib. Beynəlxalq dərəcəli hakim Etibar İbrahimov isə yarışın hakimləri arasında olub.

Böyüklərdən ibarət seçmə komandamız daha bir mötəbər yarış ərəfəsindədir. Artıq taekvondoçularımız martın ortalarında Almaniyda beynəlxalq turnirə hazırlıqlara başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə