Rəşad Sadiqov: “Əfranın qayıdışıyla hücum xəttində rəqabət də güclənib”

Rəşad Sadiqov: “Əfranın qayıdışıyla hücum xəttində rəqabət də güclənib”

"Qarabağ"ın "Gəncə" ilə oyunu bir sıra məqamlara görə zəngin olub. Siasport.az saytı xəbər verir ki, təxminən 5 illik fasilədən sonra yenidən qərb zonasının mərkəzində oyuna çıxan komanda Premyer Liqada 6 oyunluq qələbə seriyası da "tutmuş" oldu. Digər maraqlı bir məqam da komandanın heyətində Rəşad Sadiqovun rəsmi oyunda ilk dəfə kapitan kimi meydana çıxması oldu. Artıq 2 ildir "Qarabağ"da çıxış edən 27 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına fikirlərini bildirib: "Belə baxanda təəccüblü olmadı. Hələ Antalyada keçirilən təlim-məşq toplanışı zamanı yoxlama oyunlarında kapitan kimi meydana çıxmışdım. Belə böyük camiədə kapitan olmaq qürurverici hissdir. İndi məsuliyyətim daha da artıb. Məcburam ki, oyunlara 2 qat motivasiya ilə çıxım. Kapitan kimi ilk oyunumuzda qələbə qazanmağımız təbii ki, xoş duyğudur".

Cari mövsüm 4 qol vuran və eyni sayda məhsuldar ötürmə edən Sadiqov göstəricilərini artıracağına inanır: "Son oyunlarda yaxşı çıxış edirik. Əfranın qayıdışıyla hücum xəttində rəqabət də güclənib. Daha çox irəlidə oynamağa çalışırıq. İnşallah, istərdim ki, daha çox qol vurum. Yaxşı ötürməyə də pis baxmıram. Qarşıda 11 oyun var. İnanıram ki, məhsuldarlığımız daha da artacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə