Təəssüf...

Tofiq Bəhramov adına Republika stadionunda KİV nümayəndələrinə ayrılan yerlər təəssüf hissi doğurur

Futbol ən böyük təsir gücünə malik, kütləvi və sevilən idman növlərindən biridir. Əbəs yerə deməmişlər, futbol idmanın şahıdır. Futbolun oynanılması üçün stadion əsas şərtlərdən biridir. Hal-hazırda dünyanın müxtəlif ölkələrində çox yüksək səviyyədə tikilib istifadəyə verilmiş stadionlar var. Bunlara İspaniya, İtaliya, Almaniya və İsveçrə kimi ölkələri misal gətirə bilərik. Hər bir idman növündə olduğu kimi futbolda da KİV nümayəndələrinin rolu danılmazdır. Çünki onların gördükləri iş ən azından bu idman növündə baş verən hadisələri dolğun şəkildə işqılandırmaqdır. Məlum məsələdir ki, hər bir stadionda media üçün xüsusi yerlər ayrılır, onların yaxşı işləməsi üçün hər cür şərait yaradılır. Təəssüflər olsun ki, bunu ölkəmiz üçün deyə bilməyəcəyik. Azərbaycanın hal-hazırda azarkeş tutumuna görə ən böyük stadionu sayılan Tofiq Bəhramov adına Respublika stadionunda KİV-ə ayrılmış yerləri görəndə həqiqətən biz jurnalistlər çox məyus oluruq. Vəziyyət o dərəcədə acınacaqlıdır ki, hər dəfə ora reportaja gedərkən özümüz ilə dəsmal aparmalı oluruq ki, heç olmasa oturacaqların tozunu alaq. Bu tablonu görəndə həqiqətən çox təəssüflənirik. Çünki bir anlıq gözümüzün önünə başqa ölkələrdə oyunlar zamanı stadionlarda çalışan həmkarlarımızı gətiririk. Stadionda media bölməsinə ayrılan yerlərin nə qədər bərbad şəkildə olduğunu bir misal ilə nəzərə çatdırmaq istərdim. Keçdiyimiz aylardan birində, daha dəqiq desək, ötən ilin iyul ayında UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Bakı"-"Buduçnost"(Çernoqoriya) matçında rəqib komandanın nümayəndələrinin bizə "yazıqcasına" tamaş etmələrinin şahidi olduq. Belə ki, oyun vaxtı təsadüfən yağış yağmağa başladı. Bununla da KİV nümayəndələrinə ayrılmış sektorun üzərini örtən tavanın dəlik olması və suyun üzərimizə tökülməsi utancverici tablonun yaranmasına gətirib çıxartdı. Niyə axı belə olmalıdır?!. Biz də futbolumuzun inkişafı üçün çalışırıq, yazılarımızı həmişə onun üzərində qururuq. Beynəlxalq miqyaslı oyunlarda stadionda elə vaxtlar olur ki, özümüzə əyləşməyə yer tapa bilmirik. Jurnalistlərin yerlərində başqaları əyləşirlər. Onların hansı yolla orda əyləşdikləri məlum məsələdir. Bu yaşadığımız hadisələr də mühafizə xidmətinin işinin öhdəsindən gəlmədiyini göstərir.

Söhbət düşmüşkən, Premyer Liqanın oyunları zamanı klub işçilərinin və polislərin KİV nümayəndələrinə qarşı davranışlarına da toxunmaq istərdim. Matç başa çatdıqdan sonra media tribunasını bağlayır, jurnalistlərin futbolçulara yaxınlaşmalarına imkan vermirlər. Bir sözlə desək, elə bil bizi rəqib komandaların azarkeş qismində görürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə