Arif Əsədov: ""Simurq"la oyunda "Neftçi" meydanda məşq edirdi"-MÜSAHİBƏ

"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Siasport.az saytı müsahibəni nəzərinizə çatdırır:


"Simurq"la oyunda "Neftçi" 3-0 hesabı ilə qələbə qazandı. Oyundan sonra rəqib komandanın baş məşqçisi Haciyevski, hakimin bəzi epizodlarda ədalətli qərar vermədiyindən şikayətlənirdi. Siz bu barədə nə deyə bilərsiz?

- Mənim üçün çox maraqlıdır, niyə həmişə "Neftçi"nin oyunun dan sonra belə məsələlər ortaya atılır və hamı hakimlərin bizə kömək etdiyini deyir. Xatırlayırsız ayın 13-də "Xəzər Lənkəran"la oyunda təmiz penaltimizi vermədilər amma biz heç bir etiraz etmədik, heç futbolçularımız da bu barədə etirazlarını bildirmədilər. Biz bu məsələni mütəxəssislərin öhdəsinə buraxdıq. "Simurq"la oyun "Neftçi" üçün ən asan oyunlardan biri oldu.

- Ümumiyyətlə oyun "Neftçi" üçün necə keçdi?

- Əgər bizim komanda 45 dəfə top ötürməsi edərək, topu itirmədən təhlükəli hücum edirsə və rəqib komanda topu bizdən ala bilmirsə bu o deməkdir ki, "Neftçi" meydanda məşq edirdi. Hesab göz qabağındadır. Matçda topa nəzarət bizdə idi. Oyun qabağı böyuk ajiotaj vardı, hər kəs rəqibin stimullaşdırıldığından danışırdı. Ancaq komandanın oyunu yenə göstərdi ki, "Neftçi" düzgün yoldadır. Komandamızın öz oyun üslübu var və oyun üslubuna uyğun yaxşı meydança olanda "Neftçi" qarşısıalınmazdır.

- Sizin fikrinizcə birinci qol vurulan zaman oyundankənar vəziyyət vardımı?

- Biz bir neçə dəfə epizodun təkrarına baxdıq və orda heç bir oyundankənar vəziyyətdən söhbət belə gedə bilməz. Ancaq mətbuatda yazırlar ki, Aydın Ələkbərov "Simurq"u "sındırdı". Biz istəsəydik, bu görüşdə fərqi daha da artıra bilərdik.

- Bəs ikinci qol vurulan zaman rəqib tərəf nəyə etiraz edirdi?

- Həmin epizod adi bir künc zərbəsi idi və biz bundan yararlana bildik. Müdafiəçimiz Ruslan Abışov öz qolunu vurdu. Qol vurulan ana qədər artıq topa 5-6 dəfə toxunuş olmuşdu. Qoy bütün komandalar öz oyunlarına fikir versinlər, necə ki, biz bunu edirik. Biz yalnız öz oyunumuza baxırıq. Liderliyimizi çempionatın sonuna qədər davam etdirmək üçün əlimizdən gələni edəcəyik

Bütün xəbərlər Facebook səhifəmizdə