Avropa Taekvondo Birliyinin (ETU) İdarə Heyətinin növbədənkənar iclası keçirilib

Avropa Taekvondo Birliyinin (ETU) İdarə Heyətinin növbədənkənar iclası keçirilib
Yunanıstanın paytaxtı Afinada Avropa Taekvondo Birliyinin (ETU) İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, tədbirdə Azərbaycan Taekvondo Federasiyasının (ATF) I vitse-prezidenti, ETU-nun vitse-prezidenti Füzuli Musayev də iştirak edib. Tədbirdə Avropa Taekvondo Birliyinə üzv olan 24 nəfərdən 18-i iştirak edib ki, bu göstərici 70 faizdən artıq olduğu üçün yığıncaq tam heyətli hesab edilib. İclasda 2011-ci ildə ETU-nun prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri məsələləri, həmçinin böyüklər və gənclər arasında növbəti qitə çempionatının keçiriləcəyi ölkələr müzakirə edilib. Böyüklərin Avropa Çempionatına namizədliklərini verən üç ölkənin təqdimatının ardından İngiltərə, Türkiyə və Ukraynanı səsvermədə üstələyib. Beləliklə, qitə çempionatı Mançesterdə keçiriləcək. Seçkilərin isə oktyabrda Kiprdə yeniyetmə və gənclərin Avropa birinciliyindən əvvəl, Baş Assambleyanın iclasında keçirilməsi qərara alınıb. Azərbaycan Taekvondo Federasiyasının (ATF) I vitse-prezidenti, ETU-nun vitse-prezidenti Füzuli Musayevin bildirdiyinə görə Avropa Taekvondo Birliyinin prezidenti vəzifəsinə iki real namizəd var və bu təşkilata 12 ildir rəhbərlik edən yunanıstanlı Atanasios Praqalos və Türkiyə Taekvondo Federasiyasının prezidenti Mətin Şahin kifayət qədər nüfuzlu olduğundan, onların hər birinin seçilmək şansı yüksəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə