Azərbaycan taekvondoçuları Amerika “US Open”də “gümüş”lər qazandılar

Azərbaycan taekvondoçuları Amerika “US Open”də “gümüş”lər qazandılar

Azərbaycan taekvondoçuları Amerikanın açıq çempionatının ("US Open") gümüş medallarına sahib olublar. Siasport.az saytı xəbər verir ki, Texas ştatının Austin şəhərində nüfuzlu yarışda ilk dəfə iştirak edən olimpiya seçmə komandamızın 13 üzvündən Elvin Məmmədov (-68 kq) və Ramin Əzizov (-80 kq) ikinci yeri tutublar.

Gənclər arasında Avropa birinciliyinin və Dünya Kubokunun bürünc mükafatçı, həmçinin böyüklər arasında qitə çempionatının üçüncüsü Ramin Əzizovun (-80 kq) yarımfinal döyüşü böyük diqqətə səbəb olub. Müxtəlif yaşlarda dördqat Avropa və iki dəfə Dünya çempionu Aron Kuku məğlub edən R.Əzizov son iki ayda bu tanınmış ingiltərəli taekvondosçuya ikinci dəfə qalib gəlib. Digər idmançımız, gənclər arasında Avropa birinciliyinin bürünc mükafatçısı və Dünya çempionatının gümüş mükafatçısı, eləcə də böyüklərin Avropa çempionatında və 21 yaşlıların Avropa birinciliyində üçüncü yeri tutan E.Məmmədov (-74 kq) isə son Dünya ikincisi olan kanadalı idmançıya qalib gəlsə də, meksikalı rəqibi ilə qızıl medal uğrunda görüşü əldən verib.

Qalan taekvondoçularımıza gəlincə, Samir Aydınov (-58 kq), Fariz Əliyev (-63 kq), Aydın Bəhməlov (+87 kq), Xəyalə Quliyeva (-46 kq), Türkanə Tahirli (-49 kq), Nigar Hacıyeva (-53 kq), Səbinə Mikayılova (-57 kq), Günay Ağakişiyeva (-57 kq) və Yelena Abbasova (-67 kq), həmçinin koreyalı legionerlər Kim Kvanqseokla (-68 kq, kişilər) Kim Vonkyuq (-67 kq, qadınlar) isə ən yüksək reytinqli turnirin medalçıları sırasına düşə bilməyiblər. Qeyd edək ki, "US Open" dünya reytinqində ən yüksək xal verən yarışdır və qaliblər aktivlərinə 20 xal əlavə edirlər.

Xatırladaq ki, bu heyət Cənubi Koreyanın paytaxtı Seulda olimpiya seçmə komandasının məşqçiləri Con Conqbay və Park Sunminın rəhbərliyi altında dörd həftəlik təlim-məşq keçərək birbaşa "US Open" turnirinə yollanıblar. Amerikadan Koreyaya qayıdan idmançılarımız fevralın 27-də Bakıya dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə