“Fənərbaxça” “İsmət İnönü”də “Beşiktaş”a futbol dərsi keçdi 4:2

“Fənərbaxça” “İsmət İnönü”də “Beşiktaş”a futbol dərsi keçdi 4:2

Artıq tam əminliklə demək olar ki, İstanbulun "Fənərbaxça" futbol klubu bu il Türkiyə çempionu olmağa əsas namizəddir. Siasport.az saytı xəbər verir ki, dünən "İsmət İnönü" stadionunda əzəli rəqibi "Beşiktaş"ı 4:2 hesabı ilə darmadağın edən "sarı lacivərtlilər", göstərdikləri oyunla yalnız və yalnız çempionluq üçün mübarizə apardıqlarını və bütün oyunlarda bu istəklə meydana çıxacaqlarını nümayiş etdirdilər. "Fənərbaxça"nın ardı-arası kəsilməyən hücumlarından başını itirən meydan sahibləri artiq oyunun 4-cü dəqiqəsində Nəcib Uysalın öz qapısına göndərdiyi topla oyunda geri düşdülər. Amma "qara qartal"ın futbolçuları birinci hissənin sonlarında, qarşılaşmanın 43-cü dəqiqəsində Əkrəm Dağın vurduğu mükəmməl və baxımlı qolla hesabı bərabərləşdirə biliblər. İkinci hissə başlayan kimi "Beşiktaş" daha çox hücum etməyə və Kiyev "Dinamo"sundan aldığı ağır məğlubiyyəti tərəfdarlarına unutdurmaq üçün qələbə qazanmağa can atıb. Meydan sahiblərinin bu istəyi ikinci hissə başlayandan cəmi 4 dəqiqə sonra baş tutub. Belə ki qarşılaşmanın 49-cu dəqiqəsində İbrahim Toraman qapıçı Volkandan dönən topu tora daxil etməklə hesabı 2:1 komandasının xeyrinə dəyişə bilib. Bu qoldan sonra hamının "Beşiktaş"ın qələbəsini gözlədiyi bir vaxtda "Fənərbaxça"nın kapitanı Aleks De Souza meydanda futbol şousu göstərməyə başlayıb. Braziliyalı futbol ulduzu qarşılaşmanın 65-ci, 72-ci və 75-ci dəqiqələrində bir-birindən gözəl qollara imza ataraq komandasının 4:2 hesablı parlaq qələbəsini təmin edib. Bu nəticədən sonra xallarının sayını 48-ə çatdıran "Fənərbaxça" liderliyi ələ keçirib. Milyonlarla dollar pul hesabına ulduz futbolçuları heyətinə qatan və istər Türkiyə Superliqasında, istərsə də Avropa Liqasında ard-arda acınacaqlı məğlubiyyətləri sıralayan "Beşiktaş" isə artıq qapazaltı bir komandaya çevrilib. Bernd Şuster isə yəqin ki, yaxın vaxtlarda çamadanlarını yığışdırıb İspaniyaya dönə bilər. Çünki İstanbul klubunun rəhbərliyi də onunla yollarını ayırmaq qərarına gəlib. Türkiyə Superliqasındakı qarşılaşmalarda qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:

18 fevral

Əskişəhərspor - Sivasspor 2:1
19 fevral

Kasımpaşa - Ankaragücü 2:1
Bursaspor - Qaziantepspor 1:4
Qalatasaray - Bucaspor 1:0
20 fevral

Kayserispor - Antalyaspor 2:0
Konyaspor - İstanbul BB 0:0
Beşiktaş - Fənərbaxça 2:4


Bütün xəbərlər Facebook səhifəmizdə