Rusiya yığması Bakıda qələbə qazandı

Rusiya yığması Bakıda qələbə qazandı
Fevralın 15-dən ölkəmizdə təlim-məşq toplanışında olan Rusiyanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bazar günü Azərbaycan yığması ilə sayca 3-cü yoxlama oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, ilk 2 görüşdə 1:4 və 2:3 hesabı ilə məğlub olan şimal qonşularımız bu dəfə qələbə qazanmağı bacarıb. 2-ci dəqiqədə Rusiya idmançıları standart cərimə zərbəsindən hesabda irəli çıxıblar. Fasiləyə qədər və ondan xeyli sonraya qədər bu hesab dəyişməz qalıb. Yalnız matçın başa çatmasına 13 dəqiqə qalmış Azərbaycan millisi hesabı bərabərləşdirməyə müvəffəq olublar. Ancaq hokkeyçilərimizin sevinci cəmi 5 dəqiqə davam edib. 65-ci dəqiqədə ruslar yenidən hesabı öz xeyirlərinə artırıblar. Qalan vaxt ərzində baş məşqçi Kim Giesoonun yetirmələri çox çalışsalar da bərabərlik qolunu vura bilməyiblər. Beləliklə, Rusiya təmsilçiləri Bakıdakı sonuncu yoxlama oyununda 2:1 hesablı qələbə qazanıblar.

Xatırladaq ki, 2009-cu ildə Rusiyanın qadın hokkeyçiləri Avropa çempionatının güclülər dəstəsini tərk edərək "Trofi" divizyonunda mübarizə aparmaq məcburiyyətində qalıblar. Onlardan fərqli olaraq Azərbaycanın seçmə komandası iki il əvvəl Hollandiyada keçirilən qitə çempionatında elitadakı yerini qoruyaraq 6-cı nəticə göstərmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə