“Arsenal” “Barselona”ya futbol dərsi keçdi!

“Arsenal” “Barselona”ya futbol dərsi keçdi!

Artıq İspaniyanın "Barselona" futbol klubu məğlubiyyət acısını indi Çempionlar Liqasında da dadmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, dünən qitənin nüfuzlu turnirinin 1/8 final mərhələsinin ilk qarşılaşmasında İngiltərədə "Arsenal"ın qonağı olan katalon təmsilçisi bütün dünyanın gözü qarşısında məğlubiyyətlə barışmalı olub. Düzdür, qarşılaşmanın ilk dəqiqələrindən başlayaraq "Emirates" stadionunda "topçulara" göz açmağa imkan verməyən Xose Qvardiolanın yetirmələri, sanki öz meydanlarında oynayırmış kimi çıxış ediblər. Elə bunun məntiqi nəticəsi kimi Leonel Messi "Arsenal"ın qapıçısı ilə təkbətək epizod da əldə edib. Amma argentinalı futbol ulduzu bu epizodda fərqlənə bilməyib. Buna baxmayaraq oyunun 26-cı dəqiqəsində "Barselona"nın forvardı David Villya gözəl qola imza ataraq komandasını irəli çıxarıb: 0-1. İkinci hissədə də qonaq komanda topa daha çox nəzarət edən tərəf olub. Artıq bir çoxları qarşılaşmanın ən azı bu hesabla başa çatacaqını zənn edirdi. Amma sən saydığını say, gör qoca Arsen Venger nə sayırmış. Qarşılaşmanın 78-ci dəqiqəsində əvvəlcə hollandiyalı qol ustası Van Persi, ispan klubunun qapıçısı Valdesi məyus edib, 1:1 Bundan cəmi 4 dəqiqə keçəndən sonra isə A.Vengerin döyüşə atdığı rusiyalı forvard Andrey Arşavin hesabı öz komandasının xeyrinə 2:1-ə çatdırıb. Ard-arda vurulan qollardan şoka düşən "Barselona" nə qədər çalışsa da, ingilis torpağından qələbə ilə dönə bilmədi. İndi hər şey cavab qarşılaşmasına qalıb. İndi İspaniyada "Arsenal"ı daha ağır oyun gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə