Siasport.az saytı "Neftçi"-"Xəzər Lənkəran" oyunu zamanı bir gənc azarkeşin həyəcandan huşunu itirdiyi barədə xəbər yayımlamışdı. Həmin azarkeşin kimliyi müəyyənləşib. O, "Flaqman" fan-klubunun gənc üzvü Manaf Kələntərlidir. Gənc azarkeş hadisə barədə "Neftçi"nin rəsmi saytına danışıb: "Mən uşaqlıqdan "ağ-qara" rənglərə könül vermişəm. İndi 18 yaşım var. Həmişə dərsdən qaçaraq, "Neftçi"nin oyunlarına gedirdim. Bu sevgi məni "Flaqman" fan-klubuna gətirib çıxardı. Uzun müddət bundan əvvəl bu fan-kluba üzv oldum. "Xəzər Lənkəran"la görüşdə hər zaman kimi 13-cü sektorda yer almışdıq. Çox həyəcanlı matç idi. Məhz həyəcandan özümü pis hiss etməyə başladım və ürəyim sıxıldı. Sağ olsunlar Daxili qoşunların əsgərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin dəqiqə müdaxilə etdilər. Tezliklə, təcili tibbi yardım işçiləri mənə lazım olan yardımı göstərdilər. Mən özümə gəldikdən sonra, həkimlərin təkidlərinə baxmayaraq, stadiona geri qayıdaraq, yenidən tribunada öz yerimi aldım. Oyunun sonuna qədər komandamı dəstəklədim. İndi özümü yaxşı hiss edirəm. Sağ olsunlar, "Neftçi" rəhbərliyi məni diqqətdə saxlayır. Biz azarkeşlər daim klub rəhbərliyinin qayğısını hiss edirik. Mən bundan sonra da komandama hər yerdə dəstək olacam. Mən "Neftçi"nin azarkeşi olduğum üçün fəxr edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə