Daha bir braziliyalı futbol ulduzu Avropadakı futbol həyatına son qoymaq qərarına gəlib. Siasport.az saytı xəbər verir ki, Luiş Fabiyano İspaniyanın "Seviliya" futbol klubu ilə yollarını ayırmaq niyyətindədir. Məşhur braziliyalı futbolçu ölkəsinin "Globoesporte" qəzetinə verdiyi açıqlamada bildirib ki, artıq ispan klubu ilə yollarını ayırmaq qərarına gəlib və indi olmasa da mövsümün sonunda klub rəhəbrliyi ilə görüşüb hər iki tərəf üçün xeyirli olan qərarını verəcək. İspan klubunun yeni baş məşqçisi Grigorio Manzano ilə aralarında ciddi problemlərin olduğunu dilə gətirən L.Fabiyano, son bir neçə qarşılaçmada ehtiyat oyunçular skamyasında qalmasını da heç cür qəbul etmədiyini qəzet səhifəsinə çıxarmaqdan çəkinməyib. Belə görünür ki, braziliyalı futbol ulduzu artıq ispan klubu ilə ipləri birdəfəlik qırmaqa qərar verib.Xatırladaq ki, L.Fabiyano, "Seviliya"nın heyətində son 6 ildə 2 dəfə UEFA Kubokunu, 2 dəfə Kral Kubokunu və 1 dəfə Avropa Superkubokunu qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə