"İmarət" PFL-ə müraciət ünvanladı

"İmarət" PFL-ə müraciət ünvanladı
"İmarət" fan klubu "Qarabağ" futbol klubunun ev oyunlarını Ağdamda keçirməsi istəyi ilə bağlı Peşəkar Futbol Liqasına və Azərbaycan Premyer Liqasındakı digər klublara müraciət ünvanlayıb.


Siasport.az saytı müraciəti olduğu kimi nəzərinizə çatdırır:


"Mənfur düşmənlərimiz tərəfindən əsas hissəsi işğal olunmuş Ağdam Rayonunun sakinlərinə bir ümid, bir təsəlli olan "Qarabağ" futbol klubunun artıq bir ildir ev oyunlarını doğma rayonda, Ağdamda keçirməməsi həm rayon sakinləri, həm də futbol azarkeşləri arasında etirazla qarşılanır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" nda regionlarda futbolun inkişafı nəzərdə tutulmuş və bu sahədə görüləcək işlər müəyyənləşdirilmişdir. Buna uyğun olaraq 2008-ci il yanvar ayının 17-də Ağdam İdman Olimpiya Kompleksinin açılışınında prezidentimiz İlham Əliyev iştirak etmişdir. Dövlət başçısı bu addımı ilə cəbhə bölgəsində idmanın, eləcə də futbolun inikişafına, burda yaşayan yeniyetmə və gənclərin də idmanla məşğul olmalarına diqqət ayırdığını göstərmişdir.


Bu günlərdə "Qarabağ" futbol klubu rəhbərliyi də ev oyunlarını Ağdamda oynamaq istəyini dilə gətirdi.Klubun vitse prezidenti Tahir Gözəl Quzanlıdakı azarkeşlərə sürpriz hazırladıqlarını,əgər AFFA və Peşəkar Futbol Liqası razılıq verərsə komandanın oyunlarını orada keçirmək fikirlərinin olduğunu söylədi.


Xatırladığınız kimi, iki il bundan öncə "Qarabağ"ın ev oyunlarını Quzanlıda keçirməsi qərarı bütün azarkeşlər arasında sevinclə, həyəcanla qarşılanmışdı. Bu zaman "Qarabağ" rəhbərliyi ilə yanaşı Peşəkar Futbol Liqası rəhbərliyinin də böyük səyləri və digər klublarımızın razılıqları olmuşdur.


Bütün bunlara baxmayaraq indi Peşəkar Futbol Liqası və digər klublarımızın "Qarabağ"ın ev oyunlarını Ağdamda keçirməsinə razılıq verməməsi həm regionda futbolun inkişafına, həm də azarkeşlərin doğma komandalarını doğma meydanda izləmək istəyinə mane olur.


Qarabağ probleminin bu gün nə qədər aktiv olması və dövlətimizin bu sahədə yeritdiyi siyasət göz önündədir. İnsanları Qarabağ torpağına bağlamaq, bu tarixi torpaqların Azərbaycana məxsus olduğunu nümayiş etdirmək,e yni zamanda hər kəsi "qayıdış" ruhunda tərbiyələndirmək üçün "Qarabağ"ın ev oyunlarını Ağdam da keçirməsi vacib bir məsələdir.


"İmarət" fan klubu olaraq Peşəkar Futbol Liqası və digər klublarımızın rəhbərliyindən xahiş edərdik ki, Azərbaycanın ən yaralı yerinin adını daşıyan "Qarabağ" futbol klubunun doğma meydanda oynamasına razılıq versinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня